Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndini atəşə tutulması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun 18 aylıq nəvəsi Quliyeva Zəhra Elnur qızı şəhid olub.
Yenicag.az saytına açıqlama verən millimizin və Bakı “İnter”inin futbolçusu Rauf Əliyev üzücü hadisəyə öz münasibətini bildirib. Əslən Füzuli rayonundan olan futbolçu sabah Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Serbiyanın “Mladost” klubuna qol vuracağı təqdirdə, bunu Zəhraya həsr edəcəyini deyib:
“Çox üzücüdür. Əvvəlcə bu barədə mətbuatdan xəbər tutdum. Daha sonra rayondakılarla əlaqə saxladım. Bizim orada qohumlarımız yaşayır. Həqiqətən də çox pis oldum. 2 yaşlı körpənin və nənəsinin qətlə yetirilməsinə söz tapmaq çətindir. Zəhranın şəkillərini gördükcə özümə gələ bilmirəm. Sabah qol vursam, bunu Zəhraya həsr edəcəm. Komanda daxilində də bu barədə danışırıq. Bu, mənim qəlbimdən keçən hissdir. Sabah meydana Zəhra üçün çıxacağıq”.
Qeyd edək ki, “İnter” səfərdə keçirilən ilk qarşılaşmada rəqibini 3:0 hesabı ilə darmadağın edib. Adrian Skarlatakenin dubla etdiyi qarşılaşmada Rauf Əliyev də fərqlənmişdi.
“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev də saytımıza açıqlamasında Zəhra və nənəsinin qətlə yetirilməsindən sarsıldığını bildirib:
“Bu, bəyənilməyən hadisədir. Milliyyətindən asılı olmayaraq, uşaqların ölümünə qarşıyıq. Cəbhə bölgəsində hər an təhlükə ilə üzləşən insanlar var. Ancaq onlar üçün torpaq sevgisi daha üstündür. Xəbəri tezdən oxudum. Çox pis oldum, sarsıldım. Zəhra bütün Azərbaycanın balasıdır. İnşallah, bundan sonra belə bir üzücü hadisə ilə qarşılaşmarıq”.
Emin Səfərov
Yenicag.az
www.yenicag.az