Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sərəncamı ilə sabahdan – iyunun 15-dən çimərlik mövsümü açıq elan ediləcək.
Yenicag.az bildirir ki, bu barədə “Report”a BŞİH-dən məlumat verilib.
Qurumdan qeyd olunub ki, çimərliklərin açıq elan olunması ilə bağlı ərazilərin təmizlənməsi və s. məsələlərdə hər bir rayon icra hakimiyyəti özü məsuliyyət daşıyır:
“Hər bir çimərlik ərazisi mövsüm açılanadək təmizlənib qurtarılmalıdır”.
Qeyd edək ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Monitorinq İdarəsi ilə birgə may ayının 16-dan etibarən keçirdiyi monitorinqinin nəticələrinə görə, Abşeron yarımadasında Səbail rayonunun Şıx çimərliyi və Qaradağ rayonunun Sahil çimərliyi çimmək üçün yararsız hesab olunub. Buna görə həmin ərazilərdə vətəndaşların çimməsi məqsədəuyğun sayılmır. Adı qeyd olunan iki çimərliklə əlaqədar olaraq 2010-cu ildə qəbul olunan 83 saylı qərar qüvvədə saxlanılır.
www.yenicag.az