Dövlət maddi və mənəvi-siyasi yükə çevrilmiş daha bir qurumdan xilas oldu.
Prezident İlham Əliyev ötən gün bir neçə il əvvəl yaradılan və dövlətin “beyin mərkəzi” kimi nəzərdə tutulan Strateji Araşdırmalar Mərkəzinin (SAM) ləğvinə dair sərəncam imzalayıb. Bununla da, təyinatı çərçivəsində böyük ümidlərlə səhnəyə çıxarılan, dövlət büdcəsindən maliyyələşdirilən qurumlardan daha birinin mövcudluğuna son qoyuldu.
SAM-ın ləğv olunması haqqında sərəncamın elan olunmasından sonra sosial şəbəkələrdə bununla bağlı qızğın müzakirələr başlayıb və polemikalar davam etməkdədir. Qeyd olunan fikirlərə nəzər saldıqda, haqqında danışılan Mərkəzin ləğvinin doğru və gözlənilən olduğu haqda fikirlərin üstünlük təşkil etdiyini görərik.
Sərəncamın yerində verildiyini düşünənlər SAM-ın yaradıldığı gündən etibarən, daşımalı olduğu “beyin mərkəzi” funksiyasını yerinə yetirə bilmədiyini xüsusi vurğulayırlar. Həqiqətən də, ictimaiyyət SAM-ın dövlət maraqları üçün mühüm əhəmiyyət daşıyan ciddi təhlil və strateji proqnozlaşdırma yönündə fəaliyyətinin şahidi olmadı.
Əslində isə ölkənin geniş mənada oxucu təbəqəsi regionda və dünyada cərəyan edən siyasi-iqtisadi-hərbi proseslərin Azərbaycana mümkün təsirini ilk növbədə SAM-ın açıq hesabatlarından öyrənməli idilər. Ancaq belə anlaşılır ki, SAM rəhbərliyi bu tələbatı ya qiymətləndirməyib, ya da sadəcə, vecinə almayıb.
Lakin bu məqam SAM-ın hökmünün verilməsinə təsir göstərən yeganə səbəb deyil. Prezident Administrasiyasının sabiq şöbə müdiri, FETÖ imamlarından Elnur Aslanovun ifşası və tutduğu postdan kənarlaşdırılması onun nəzarətində olan SAM-ın da faktik missiyasını ortaya çıxardı.
Məlum oldu ki, SAM rəhbəri Fərhad Məmmədov öz fəaliyyətində dövlət maraqlarını yox, FETÖ-çü lideri Aslanovun təlimatlarını əsas götürür. Əlbəttə, belə bir şəraitdə SAM-ın “dişsizliyinin” səbəbini anlamaq çətin deyildi. Aslanovun nəzarətində və Məmmədovun funksional idarəçiliyində olan bir qurum dövlət adına müsbət fəaliyyət göstərməz ki…
O baxımdan, SAM-ın və qurumun rəhbərinin aqibətinin hələ 2014-cü ilin martında, Aslanovun taleyi ilə eyni vaxtda həll ediləcəyi də gözlənilirdi. Ancaq görünür, ölkə rəhbərliyi Aslanovun ifşasından sonra vaxtilə onun sağ-solunda yer tutanlara islah olunmaq şansı tanımağı lazım bilib. Hər halda, ideoliji patronunun “vurulmasından” sonra Məmmədovun daha 5 il öz postunda qalmasına başqa ad vermək çətindir.
Lakin məsələ bunda yox, Məmmədovun ona tanınan şansı necə dəyərləndirməsindədir. 5 il bir səlahiyyət sahibi üçün kifayət qədər böyük müddətdir. Görünən budur ki, SAM rəhbərliyi işində dönüş yaratmaq əvəzinə, “fəaliyyət imitasiyası” ilə məşğul olub.
Bu imitasiya isə Mərkəzin ötən il noyabrın son həftəsində Ankarada düzənlədiyi “Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyi” mövzusunda konfransı zamanı tam çılpaqlığı ilə üzə çıxdı.
Ankarada keçirdiyi konfransa Azərbaycandan da geniş nümayəndə heyəti, o cümlədən, bir neçə media qurumunun rəhbərini aparan SAM rəhbərliyi yarıtmaz təşkilatçılığına yönəlik susqunluğu təmin edə bilmədi.
Türkiyə paytaxtına gəzinti formasında təqdim olunan rüşvəti rədd edən “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu SAM-ın konfrans keçirmək adına “pulsilmə” aksiyasını ictimailəşdirdi.
Paradoksa diqqət edin, Ankara konfransı ilə özünün “təşkilatçılıq” qabiliyyətini ortaya qoyan SAM rəhbərliyi 2019-cu ildə nə az, nə çox, 109 analoji tədbir keçirilməsini planlaşdırırdı.
Dövlətə bir qəpiklik faydası olmayan həmin imitativ tədbirlərə büdcədən xərclənməsi nəzərdə tutulan vəsaitlərin həcmini özünüz təsəvvür edin… SAM-ın ləğvi haqqında qərar həm də bu mənada yerinə düşmüş sayılır.
Mərkəzin ləğvi Azərbaycanda strateji “beyin mərkəzi”nin yenilənməsi və dövlətin maraqlarına uyğun formada yenidən təşkilatlanması üçün zəmin yaradıb. İndi əsas məsələ bu boşluğu doğru-düzgün qaydada doldurmaqdır.
Uğursuz və hətta təhlükəli SAM nümunəsindən ibrət götürməklə…
“Yeni Çağ” Təhlil Qrupu
www.yenicag.az