Şamaxıda qəbiristanlıqda qətl hadisəsi baş verib.
Yenicag.az-ın məlumatına görə, hadisə fevralın 1-də gecə saat 1 radələrində şəhərin “Yeddi Günbəz” qəbirstanlığında qeydə alınıb.
Şamaxı şəhər sakini 22.07.1991-ci il təvəllüdlü Hacıyev Orxan Asif oğlu aralarında yaranmış mübahisə zamanı üzərində olan mətbəx bıçağı ilə Şamaxı şəhər sakini 26.04.1995-ci il təvəllüdlü Surxayev Ruslan Adil oğlunun bədəninin müxtəlif nahiyələrinə 5 dəfə zərbə endirib. Nəticədə Ruslan Surxayev aldığı xəsarətlərdən ölüb.
Daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib, meyit daxili müayinə olunmaq üçün “MTE və PA ETT Birliyinin” Şamaxı rayon şöbəsinin morquna təhvil verilib.
Faktla bağlı Şamaxı rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsilə cinayət işi başlanıb, Hacıyev Orxan Asif oğlu cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılıb./Trend/
www.yenicag.az