Samir TURAN: Elmi ad xəstəliyi
Vəzifədən sui istifadə edib professor,akademik olmaq gərəkirsə,bəyəm rəhmətlik uluöndər Heydər Əliyev,yaxud da indiki Prezidentimiz İlham Əliyev professor,akademik ola bilməzdilərmi?
Biz savadsızlığı, belə demək olarsa, ləğv etsək də, savad əldə edə bilməmişik, əsl ziyalı, alim, mütəxəssislər yetişdirə bilməmişik, yetişdirdiklərimizin də qədrini bilməmişik və bilmirik də. Kadrlarımızın hamısının diplomu olsa da, gərəkli biliyə sahiblənməmişik. Balaca bir ölkədə bu qədər akademiki, professoru olan gərək dünyaya elmdə,texnikada meydan oxusun. Elmə,təhsilə maraq gündən-günə azalır. Bunun bir səbəbi və əsas səbəblərindən biri maddi tərəf olsa da, yəni elmə, təhsilə ayrılan maliiyəni, alimə verilən maaşı nəzərdə tuturam, digər səbəbi alimlərimizin də vəzifə eşqiylə yaşamalarıdır. Neyləsinlər, onlar da yaşamaq istəyirlər, ucuz,asan yolla özlərinə güzəran yaratmaq istəyirlər. Çoxları vəzifəyə gedəndən sonra alimlik eşqinə düşürlər, elə “alimlik” dərəcəsi də alırlar, elmlər namizədi olanlar tez bir zamanda professor, hətta akademik olurlar və buna necə vaxt tapırlar bu da çox maraqlıdır, illərlə laboratoriyada, kitabxanalarda ömürlərini qurban verənlərsə, bu titullara sahib ola bilmirlər, çoxları da maddi sıxıntıdan elmlə belə məşğul ola bilmirlər. Bu qədər elmi tədqiqat institutlarımız,ali təhsil müəssisələrimiz var, hansına gedirsən, nərdtaxta, şahmatdan vururlar, işin qurtarmağını gözləyirlər ki, görək iş vaxtı nə vaxt qurtaracaq. Əvvəllər,yəni sovet vaxtı hamı kommunist partiyasına keçməyə çalışırdı, çünki partiyaçı olmayanlara vəzifə vermirdilər,indi də hamı ptofessor olmaq istəyir ki, tez bir vəzifəyə getsin və gedirlər də.Gedən də öz ştatlarını saxlayırlar ki,vəzifədən çıxandan sonra yenə köhnə yerlərinə qayıda bisinlər. Belələrinin ucbatından yüzlərlə insan işsiz qalır.Vəzifədə otura-otura müəlimlik edir, kafedra müdiri olur, elmi laboratoriyalara rəhbərlik edir, ayda-ildə bir dəfə ora baş çəkir. Soruşan yoxdur ki, əgər sizsiz bu işlər gedirsə, onda o ştatlar kimə lazımdır və dövlətin bu pullarını niyə havaya sovurursuz? Əslində özünə alim deyən kəs özü bu vəzifələri qəbul etməməlidir. Mənə qalsa heç bir professora vəzifə vermərəm.yaxşı alimsənsə get elmlə məşğul ol, alimlər yetişdir elmi “şkola” yarat.millətə,dövlətə daha xeyirli ol.Beləliklə bəzən o axında yaxşı alimlərimiz də olur ki,onlara administrativ işlər verməklə onları da itirmiş oluruq.
Axı nazir,icra başçısı və ya hər hansı bir icraedici orqanda çalışmaq üçün mütləq professor olmaq lazımdır?Vəzifədən sui istifadə edib professor,akademik olmaq gərəkirsə,bəyəm rəhmətlik ulu öndər Heydər Əliyev, yaxud da indiki Prezidentimiz İlham Əliyev professor,akademik ola bilməzdilərmi?
P.S.Bəzən fikirləşirəm ki,yığasan bütün özünə alim deyənləri,döşünə döyənləri,deyəsən ki,kim özünə alim deyirsə bir addım irəli gəlsin,onları hər şeylə təmin edəsən,və şərt qoyasan ki, 6 aya, bir ilə məhsulu qoy ortalığa, vallah onların içindən hər sahədə 5-6 adamdan başqa bir nəfər ortaya çıxsa onda gərək mən heç nə bilməyəm.O 5-6 nəfərlə də millət qürur duyar və onları əl içində saxlayar.Samir Turan (Cəfərov)
Milli Hərəkat Partiyasının sədri
Fəlsəfə doktoru,
Şair-publisist