Samvel Karapetyanın bəyanatı Paşinyanı ÇILĞINA DÖNDƏRDİ – Onlarla şəxs SAXLANILDI
Erməni iş adamı Samvel Karapetyanın Erməni Apostol Kilsəsinə dəstək məqsədilə verdiyi bəyanat ölkədə siyasi zəlzələ effekti yaradıb. Onun bu açıqlaması “sakit səma altında partlayan bomba” kimi qiymətləndirilir və Baş nazir Nikol Paşinyanın psixoloji vəziyyətini açıq şəkildə ortaya qoyduğu qeyd olunur.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Qəzet yazır ki, Karapetyanın bəyanatından dərhal sonra daxili işlər orqanları – DİN, Milli Təhlükəsizlik Xidməti və Patrul Polisi təcili şəkildə hərəkətə keçib və İrəvanın Ulnetsu küçəsinə reyd təşkil ediblər. Qeyd olunur ki, bu əməliyyatlar Baş nazirin şəxsi iradəsini yerinə yetirmək məqsədi daşıyıb.
Nikol Paşinyan həmin gün parlamentdə olarkən sosial şəbəkələrdə 4-5 paylaşım edib və bunların hər biri əvvəlkindən daha qalmaqallı olub. Onun “İndi mən sənə öz üsulumla qarışacağam, alçaq!” ifadəsi xüsusilə diqqət çəkib.
Rəsmi məlumatda bildirilir ki, Ulnetsu küçəsində 40-45 nəfər şəxs heç bir rəsmi ittiham və hüquqi əsas olmadan saxlanılıb. Baş prokuror, daxili işlər naziri və MTX rəhbəri bu göstərişləri birbaşa icra ediblər.
KİV onu da xatırladıb ki, gecə saatlarında Samvel Karapetyanın özü də hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Rafi Müslümov