Ötən həftə Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası keçirilib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin sədrliyi ilə keçirilən iclasda Azərbaycanda keçiriləcək prezident seçkiləri müzakirə olunan məsələlərdən biri olub.
Yenicag.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı ilk növbədə seçkilərin açıq və demokratik qaydada keçiriləcəyinə ümid edir:
“Seçkilər hər bir ölkə üçün mühüm prosesdir və Azərbaycanda baş tutacaq seçkilərin açıq və demokratik keçəcəyinə ümid edirik. Bilirəm ki, Azərbaycan Avropa İttifaqına prezident seçkilərini izləmək üçün dəvət məktubu göndərib. Hazırda bu məktub nəzərdən keçirilir. Biz ATƏT və DTİHB təcrübəsinə əsaslanırıq. Avropa Parlamenti dəvət olunmayıb. Biz indi ATƏT DTİHB-nin qərarını gözləyirik”.