“Səfər Mehdiyevin “ölkədə inhisarçılığın bir faizini göstərsəniz, mən istefa verərəm”, açıqlaması özü məntiqsizdir. Çünki ölkədə qanunla tənzimlənən inhisarlar var. Buna “Azərsu”, “Azərişıq”, “Azəriqaz”, SOCAR və digərləri aiddir”.
Bu sözləri Yenicag.az-a Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin səsləndirdiyi fikirləri şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Qiymətlərin dövlət tərəfindən tənzimləndiyi inhisarçılıq barədə danışan iqtisadçı ekspert bildirib ki, bu, qanunda öz əksini tapıb:
“20 aprel 2018-ci ildə prezident fərmanı ilə ölkədə Antiinhisar və Bazara Nəzarət Dövlət Agentliyi yaradılıb. Rəsmi sənəddə deyilir ki, Agentliyin məqsədi ölkədə inhisarçılığın qarşısının alınması, belə faktlarla mübarizə aparılması, azad rəqabətə dəstək verilməsidir. Məntiq də deyir ki, inhsarçılıq var ki, belə bir agentliyin yaranmasına ehtiyac olub”.
Şirkətlərin apardığı inhisarçılığa gəldikdə isə Natiq Cəfərli bunları deyib:
“Ölkədə elə böyük şirkətlər var ki, bazarın böyük bir hissəsinə nəzarət edirlər. Misal üçün, “Azərsun” şirkəti həm ölkəyə mal gətiməklə, həm də istehsalla məşğuldur. Ölkədə satılan çayın az qala 90%-dən yuxarısı həmin şirkətə məxsusdur. Digər hər hansısa şirkətlər ölkəyə çay gətirə bilmir və ya bununla bağlı problemlər yaranır. Orta əsrlərdə inhisarçılıq rəsmi idi. Əmr verilirdi ki, ölkəyə hansısa malın gətirilməsi filan zadəgana tapşırılsın. Təbii ki, Azərbaycanda belə deyil, rəsmi şəkildə elan olunmuş inhisarçılıq yoxdur. Hər hansısa şəxslər, şirkətlər ölkəyə mal gətirə bilərlər. Səfər Mehdiyev bunu nəzərdə tutursa, bu, başqa məsələ. Məmur biznesinin maraqlarına toxunan məhsulu ölkəyə gətirmək istəyərkən sənədləşmə ilə bağlı gömrük-keçid məntəqələrində ləngidilmə baş verir”.
Natiq Cəfərli bildirib ki, Dövlət Gömrük Komitəsinin bazarı araşdıran analitik mərkəzi var, onlar bazarı araşdırsalar, hər şeyi görəcəklər:
“Qısa araşdırma aparılsa, özləri də görəcəklər ki, Azərbaycanda inhisarçılığın ciddi elementləri mövcuddur”.
Səxavət Məmməd
www.yenicag.az