Ankarada Azərbaycan Kültürünü Tanıtma Mərkəzinin bağlanmasında Azərbaycanın Türkiyədəki səfirliyinin xüsusi rolu olduğuna dair Kültür Evinin rəhbəri Hüseyn Ayhanın fikirlərini dərc etmişdik.
Hüseyn Ayhanın iddiasına görə, “Zirvə Stone” firmasının səlahiyyətli nümayəndəsi Nurlan Yusifli səfir Faiq Bağırov və müavini Şöhrət Mustafayevlə şəxsi əlaqələri hesabına Heydər Əliyev Parkında Kültür Evinin yerləşdiyi obyekti ələ keçirərək restorana çevirmək istəyir.
Yeniçağ.az xəbər verir ki, iddiada adıkeçən Şöhrət Mustafayev Xəbər365.com-a açıqlamasında bu iddiaların doğruluq payı olmadığını bildirib: “Nurlan Yusifli parkı tikib, o parkın podratçısı olub, bizdən də əvvəl onu Hüseyn Ayhanın özü tanıyıb, çünki Hüseyn Nurlan Yusiflinin işçisi olub. Heç kəs Hüseyn Ayhanın əlindən ofisi almır. Bələdiyyə yoxlama aparıb bəzi qanunsuzluqlar aşkarlayıb və ona görə də tədbir görür. Bunun hüquqi yolu var, bu məsələ ilə bağlı səfirliyin heç bir fəaliyyəti yoxdur. Səfirliyin həmin mərkəzin bağlanması ilə bağlı bələdiyyəyə heç bir müraciəti olmayıb. Hüseyn Ayhan çıxarıb göstərsin görüm elə bir müraciət var ya yox? Vətəndaşlar həm bələdiyyə, həm də səfirliyə şikayət etmişdi. əfirliyə gələn şikayətlər də müvafiq olaraq protokol çərçivəsində bələdiyyəyə təqdim edilib ki, məsələyə baxılsın. Niyə Kültür Evinin bağlanması ilə bağlı müraciət edək ki?”
“Şikayətlər nədən ibarət idi” sualını Şöhrət Mustafayev belə cavablandırıb: “Bu məsələlərlə bağlı ətraflı şəkildə məlumat vermək istərdim, amma bizdə mətbuat xidməti fəaliyyət göstərir və onlar ətraflı cavablandıra bilər. Şikayətlər ondan ibarətdir ki, müxtəlif davranışlara qarşı bölgə sakinləri narazı qalmışdı. Hüseyn bəyin özü bunları çox gözəl bilir. Bizim Hüseyn Ayhanla bağlı niyə problemimiz olsun ki? Səfirliyin adının bu məsələdə hallanması düzgün deyil. Biz bu məsələdə tərəf deyilik axı. Bəli, biz mənəvi dəyərlərimizə, ulu öndərimizin adı olan yerlərin hər zaman keşiyində durmağa hazırıq və ən yüksək səviyyədə hörmət və ehtiramla sayğınlıq içərisində fəaliyyətlərin göstərilməsinə tərəfik. Hüquqi olaraq Heydər Əliyev Parkı Azərbaycan dövləti tərəfindən tikilmiş və Ankara Böyük Şəhər Bələdiyyəsinə təhvil verilmiş parkdır. Protokolda da nəzərdə tutulub ki, hər hansı şikayət daxil olarsa, səfirlik o şikayətləri təbii olaraq masa altına qoya bilməz. Hüseyn bəyin özünə də deyilib ki, belə şikayətlər gəlib, diqqətli ol, bu şikayətlər bizim tərəfimizdən xoş qarşılanmır, belə şeylər etmək lazım deyil. İddianı şəxslər həll edə bilməz, məhkəmə həll edir. Hüseyn bəyin qaldırdığı iddia küllüyən doğru deyil, doğruluq payı sıfıra bərabərdir. Bizdən əvvəl Nurlan Yusiflini özü tanıyır, biz tanımadan əvvəl bərabər işləyiblər. Anlaya bilmirəm ki, Hüseyn bəy səfirliyi niyə bu məsələlərə qatır. Anlaşılmaz tərəf budur”.
Şöhrət Mustafayevin “Kültür evinin qapadılıb yerində restoran açılması nə dərəcədə düzgündür” sualına cavabı isə belə olub: “Kültür evinə sayğımız sonsuzdur. Oradakı bütün kitablar, elektron tablolar, televizor və bir çox avadanlıqları səfirlik verib. Səfirlik veribsə, o demək deyil ki, mənfi rəylər və şikayətləri gizlətməlidir?”
Yeniçağ.az
www.yenicag.az