Şəhidimiz dəfn edildi – CANLI YAYIM / FOTO

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasimində dövlət rəsmiləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.

O.Əsgərovun xatirəsinə ehtiram əlaməti olaraq yayılım atəşi açılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Hazırda hadisənin istintaqı aparılır.

Xatırladaq ki, ötən gün axşam şəhidin nəşi Heydər Əliyev Beynəlxalq Hava Limanında ailəsinə təhvil verilib və daha sonra Təzəpir məscidinə gətirilmişdi.

***

Şəhid Orxan Əsgərovun nəşi torpağa tapşırılması üçün İkinci Şəhidlər xiyabanına gətirilib. 

Yenicag.az xəbər verir ki, dəfn mərasimində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, daxili işlər naziri Vilayət Eyvazov, müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Mədət Quliyev, müdafiə nazirinin müavini Kərim Vəliyev, şəhidimizin yaxınları, ictimaiyyət və media nümayəndələri iştirak edirlər.

*** 10:44

Şəhid Orxan Əsgərovun nəşi Yasamaldakı evinin qarşısına gətirilib.

Yenicag.az xəbər verir ki, vida mərasimi keçirilən ərazidə fəxri qarovul dəstəsi düzülüb.

*** 10:17

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun cənazəsi Təzə Pir məscidindən götürülərək evinə aparılır.

Yenicag.az xəbər verir ki, şəhidlə vida mərasimi yaşadığı ünvanda keçiriləcək.

Vida mərasimdən sonra O.Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, şəhidin nəşi ötən gecə İrandan Azərbaycana gətirilib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.

Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.

Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.