“Sənəti kimi insanlığı da qeyri-adi idi” - Dədə Süleymanın DOĞUM GÜNÜDÜR
Nə qədər ki, xatırlanırlar, demək ki, yaşayırlar. O da adını xalqın yaddaşına əbədi yazdıranlardandır. Çünki əsl sənətkar idi.
Öz sənəti və insanlığı ilə müdrik el ağsaqqalı kimi sevilən xanəndə, xalq tərəfindən “Dədə Süleyman” deyə çağırılan Süleyman Abdullayevin doğum günüdür. Həyatdan cismən köçüb, amma ruhən əbədi olaraq sənət dünyasının sonsuz kəhkəşanında pərvazlanır. Dədənin yaradıcılıq ömrü bu gün oxuduğu bənzərsiz musiqilərlə davam etməkdədir.
Yenicag.az-a danışan xanəndə, Əməkdar artist Cabir Abdullayev Dədə Süleymanı yad edib:

“Süleyman Abdullayev deyəndə qeyri-adi gözəl səs və sadədən də sadə bir insan yada düşür. Dədə Süleyman Azərbaycan xalqının qəlbində, yaddaşında hər zaman yaşayan bir sənətkardır. Xoşbəxtəm ki, mənim də elə bir böyük sənətkarla gözəl münasibətlərimiz olub. Dədə Süleyman sevilən sənətkar olmaqla bərabər, həm də qeyri-adi insani keyfiyyətlərə malik idi. Hər zaman xeyirxahlığı, insanpərvərliyi ilə fərqlənirdi. O boyda sənətin, səs imkanların ola, amma bu qədər sadə olasan… Onun sadəliyi həmişə məni heyrətləndirib. Sənət aləmində bu xüsusiyyətinə görə bir nümunə idi. Allah ruhunu şad etsin. Onun itkisi mədəniyyətimiz üçün ağır itki oldu. Amma sənətkarların ömrü onların yaradıcılıq ömürləri ilə davam edir, yaşayır. Onun da adı, sənəti Azərbaycan musiqi tarixində daim yaşayacaq. Səsi daim qəlbimizdə, qulağımızdadır. Bu gün Dədə yadigarı olan gözəl övladları var, onlara cansağlığı arzulayıram”.
“Elə bir gün yoxdur ki, atamı xatırlamayaq. Evimin hər küncündən onun xatirələri boylanır. Şəkillərinə baxıram, onunla söhbətləşirəm, hal-əhval tuturam”, – deyib kövrəlir qızı Aygün:

“Atam böyük sənətkar olmaqla bərabər, həm də övladlarına gözəl ata idi. Anam dünyasını dəyişəndən sonra hər gün atamın yanına gedirdim ki, fikir etməsin. Bir dəfə möhkəm qar yağmışdı, qapıdan içəri girən kimi dedi: “Aygün, sənə deməmişəm qar yağanda gəlmə, axı səndən çox nigaran qalıram”. Gedəndə də deyirdi: “Bax, evə çatan kimi mənə zəng et, arxayın olum”. Rəhmətə gedəndən sonra yenə də məzarı üstə gedəndə kövrəlirəm. Atamın oxuduğu məşhur bir mahnı var: “Burdan bir ceyran keçir, keçir nigaran keçir…”. Hər dəfə qəbrini ziyarət etməyə gedəndə o mahnı yadıma düşür. Hiss edirəm ki, atam məndən nigarandır. Qəbrini qucaqlayıb deyirəm: “Ata, nigaran qalma, qardaşlarım da, mən də yaxşıyıq”. Qarabağ işğaldan azad olunanda dedi: “Qızım, daha ölsəm də dərdim olmaz”.
Aygün deyir ki, Qarabağ alınanda Dədə Süleyman sevincindən ağlayıb. Xəstə yatağında da doğma torpaqlara getmək arzusu ilə alışıb-yanırdı:
“Səhhəti əl vermirdi, ona görə də doğulub boya-başa çatdığı Füzulinin Qocəhmədli kəndinə getmək ona qismət olmadı. Amma əmimoğlu nənəmin, babamın qəbrinin torpağından gətirdi. Anamın rəhmətə getdiyinin 10-cu ilinin tamam olduğu gün mən o torpaqla atamla babamı, nənəmi qovuşdurdum. Bu gün onun ruhu şaddır. Tez-tez yuxularıma gəlir. Körpə vaxtlarımda olduğu kimi saçlarımı sığallayıb, məni əzizləyir. Atalı günlərim üçün burnumun ucu göynəyir. Lent yazılarına, şəkillərinə və şəxsi videolarımıza baxıb təsəlli tapıram. Xoşbəxtəm ki, elə bir ləyaqətli kişinin, el ağsaqqalının və böyük sənətkarın qızıyam”.
Cəvahir













