!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Sərdar Cəlaloğlu ilə namizədləri razılaşdırmaq barədə söhbətimiz olmayıb” – Arif Hacılı  

!Reklam – Yazi

“Hakimiyyətə müqavimət göstərmək üçün daha səmərəli üsul seçkilərdə iştirak etməkdir”.

Yenicag.az Müsavat Partiyasının başqanı ilə müsahibəni təqdim edir.

– ADP sədri Sərdar Cəlaloğlu ilə ilə eyni dairədən namizəd olmağınız birmənalı qarşılanmayıb. Çünki müxalifət partiyalarının seçkilərdə namizədlərini razılaşdıracaqları deyilirdi…

– Bu məsələlərlə bağlı müzakirələr namizədlər qeydə alındıqdan sonra aparılacaq.

– Ancaq artıq siz oradan namizədliyinizi vermisiniz.

– Mənim üçün problem deyil, istənilən dairədən namizədliyimi verə bilərəm.

– Dünən Sərdar Cəlaloğlu bizə açıqlamasında bildirdi ki, siz zəng vurub namizədlərin toqquşmaması üçün müzakirə aparmağı təklif etmisiniz.

– Sərdar Cəlaloğluna zəng etməmişəm. Bu mövzuda, ümumiyyətlə, söhbətimiz olmayıb. Məni bir tədbirə dəvət etmişdi ki, bir neçə partiya yığışaq, müzakirə edək. Mən də dedim ki, vaxtın olsa, səninlə bəzi məsələləri müzakirə edə bilərik. Ancaq onunla konkret hər hansısa məsələ ilə bağlı müzakirəm olmayıb.

– Müsavat Partiyasının seçkilərə qatılacağı o qədər də gözlənilmirdi, hətta boykot edəcəyiniz deyilirdi…

– Müsavat seçki partiyasıdır. 2015-ci il seçkilərinə də qatılaraq, 70-dən çox dairədən də namizədimizi irəli sürmüşdük. Müzakirələrdən sonra hesab etdik ki, indiki məqamda hakimiyyətə müqavimət göstərmək üçün daha səmərəli üsul seçkilrdə iştirak etməkdir.

– Seçkilərdən nə gözləyirsiniz?

– Azərbaycanda vəziyyət acınacaqlıdır. Hakimiyyət öz işini görür, biz də buna müqavimət göstəririk. Seçki kampaniyası dövründə də bu müqavimətimizi davam etdirəcəyik.

– Hazırda namizədlərinizə maneə yaradılır?

– Maneələr var. Biz Mərkəzi Seçki Komissiyasına dünən sənədlərimizi təqdim etmişik. Biz sənədlərimizi təqdim etdikdən sonra MSK-nın iclası olub. Ancaq Müsavat Partiyasının müraciəti gündəliyə salınmayıb. Bu gün də iclas yoxdur, sabaha saxlanılır. Bəzi dairələrdə namizədlərimizə qarşı müəyyən problemlər yaradılıb. İmza vərəqələrinin verilməsi ilə bağlı da problemlər var. Yalnız 10 imza vərəqəsi verilir ki, bu da kifayət qədər azdır. Məsələn, 2015-ci il seçkilərində hər bir namizədə 12 imza vərəqəsi verilirdisə, indi o rəqəm 10-a endirilib. Bundan başqa, biz İctimai Televiziyaya hərəsi yarım saat olmaqla, həftədə 3 dəfə efir vaxtı verilməsi barədə müraciət etmişik. Bir həftədən çox keçməyinə baxmayaraq, bizim müraciətimizə hər hansı reaksiya yoxdur.

– Sizin təşəbbüsünüzlə müəyyən formatda müzakirələr aparıldı. Həmin formatdakı partiyalardan yalnız Müsavat seçkidə iştirak qərarı verib. Bu, nəyin göstəricisidir?

– Bu istiqamətdə müzairələrimiz davam edir. Çalışdıq ki, müxalifət düşərgəsi ya bütövlükdə seçkilərə qatılsın, ya da seçkilər birlikdə boykot edilsin. Ancaq bu, mümkün olmadı. Biz boykotçulara qarşı heç bir kampaniya aparmırıq. Hətta onların bizə qarşı apardığı kampaniyaya da cavab vermirik. Bizim seçkilərdə iştirak edən siyasi partiya rəhbərləri ilə görüşlərimiz olub. ReAL Partiyasının sədri İlqar Məmmədovla görüşmüşük. Həmçinin NİDA hərəkatının rəhbərləri ilə görüşüm olub. Namizədlər qeydə alındıqdan sonra seçki dairələri üzrə də razılığa gəlmək niyyətindəyik. Bəzi dairələrdən tanınmış ictimai-siyasi xadimlər, jurnalistlərlə də müzakirələrimiz var. Müəyyən dairələrdə həmin şəxslərə güzəştə getmək niyyətindəyik.

– Ancaq 15-ci dairə məsələsi yəqin ki olduğu kimi qalacaq…

– Müzakirə edərik. Bu, mənim üçün prinsipial məsələ deyil.

Səxavət Məmməd

www.yenicag.az

874
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv