“Biz Rusiya ilə düşmənçilik aparmırıq, Rusiya Azərbaycanla düşmənçilik aparır”.
Bunu Yenicag.az-a açıqlamasında deputat Elman Nəsirovun Rusiya ilə münasibətlərin pisləşməsini istəyənləri avantürist adlanrdırması və Kremllə düşmənçilik yaranarsa, Qondarma Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı fikirinə münasibət bildirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu səsləndirib.
Sərdar Cəlaloğlu bildirib ki, Rusiya 300 ildir Azərbaycanla düşmənçilik edir:
“Rusiya Ermənistana 400 ton silah verib ki, bizi qırsın, ərazilərimizi işğal etsin. Biz demirik ki, gəlin Rusiya ilə düşmən olaq. Biz deyirik ki, gəlin Rusiyanın bizə qarşı düşmənçilik hərəkətlərinə göz yummayaq. Əgər Rusiya Azərbaycanla qarşılıqlı əməkdaşlıq əlaqələri qurmaq istəyirsə, Qarabağ münaqişəsində neytrallığını saxlayacaqsa, biz niyə Rusiya ilə düşmən olmalıyıq? Biz özümüzü aldadıb, “Rusiya bizə dostdur” deyəndə, Rusiya daha ciddi şəkildə bizə zərbə vurur. Bütün dünya ictimayəti də görür ki, Rusiyanın Azərbaycana qarşı addımları bizə qarşı xəyanətdir. Ona görə də, Elman Nəsirov özü avantüristdir. Onlar istəyirlər ki, Azərbaycan xalqı göz yumsun, Rusiya da rahat erməniləri silahlandırsın”.
Qondarma Dağlıq Qarabağın tanınması fikrinə isə ADP sədri belə cavab verib:
“Rusiya Dağlıq Qarabağı necə tanıya bilər? Azərbaycan BMT-nin tərkibi olanda, SSRİ parçalananda Rusiya bizim, biz də Rusiyanın ərazilərini tanımışıq. Rusiya Azərbaycan ərazilərinə qarşı iddia qaldırsa, biz də Rusyanın ərazisinə qarşı iddia qaldıracağıq.
Biz deyirik ki, Rusiya bizə düşməndir. Bizə qarşı düşmənçilik siyasəti aparır, müsəlman, türk olduğumuza görə. Baxın ukraynalıların Rusiyaya qarşı münasəbiti necədir? Gürcülərin münasibəti necədir? Hətta ermənilərə ruslar bu qədər yaxşılıq edir, yenə də ermənilər deyir ki, Rusiya bizim dümənimizdir. Rusiya keçmiş SSRİ respublikalarının müstəqilliyi ilə barışmaq istəmir. Çalşır ki, bu müstəqilliyi, suverenliyi məhdudlaşdırsın.
Elman Nəsirov siyasətdə piyada adamdır. Onun savadı yoxdur. Niyə Jirinovski dedi ki, biz kimi dedik, onları Milli Məclisə buraxdılar. Azərbaycan parlamentində oturan adamların bir neçəsini çıxmaq şərti ilə hamısı Rusiyanın maraqlarını müdafiə edən adamlarıdır. Jirinovski deyirdi ki, elə etmək lazımdır Milli Məclisə nə istiqlalçı, nə də xalq hərkatında iştirak edən adam düşsün. Hətta parlamentdə oturub, adını müxalifətçi qoyanlar belə Rusiyanın maraqlarını müdafiə edirlər. Azərbaycan parlamentində təmsil olunmağın bir şərti var – Rusiyanın maraqlarına xidmət etməlisən. Rusiya bu gün göstəriş versə, parlamentdə oturanlar Azərbaycan dövlətinin əleyhinə istənilən qərarı qəbul edəcəklər”.
Səxavət Məmməd
www.yenicag.az