“…, Sərkisyan hakimiyyəti üçün ziyanlıdır”

media-hightechnic-468x90

Elxan Shahinoglu 4_12Politoloq Elxan Şahinoğlu Ermənistandakı son durumla bağlı müsahibə verib:

-Elxan bəy, Ermənistanda son günlərdə baş verən hadisələri, xüsusən də davamlı etiraz aksiyaları barədə nə deyə bilərsiniz?

-Həqiqətən də Ermənistanda ictimai-siyasi, sosial-iqtisadi durum getdikcə ağırlaşır. Əvvəllər elə düşünürdülər ki, ölkədəki fabrik və zavodların idarəçiliyini Rusiyaya verməklə rus şirkətləri gəlib bu müəssisələrə investisiya qoymaqla ölkə iqtisadiyyatını dirçəldəcək. Amma bu olmadı və Robert Köçəryana, Serj Sərkisyana ümidləri puça çıxdı. Çünki Rusiyanın marağı Ermənistan iqtisadiyyatını dirçəltmək yox, borcu əvəzində bu müəssəsələri almışdı. Rusiyanın bu gün əsas marağı Ermənistan iqtisadiyyatını dirçəltmək yox, bu ölkəni forpost bir məkan kimi əlində saxlamaqdır. Moskvanın bundan başqa bir düşüncəsi də yoxdur.

Rusiya Ermənistanı Avrasiya İqtisadi Birliyinə üzv etdirərkən də, niyyəti bu ölkənin iqtisadi problemlərini həll etmək olmayıb. Ermənistan bu quruma üzv olsa da bu günkü problemlər öz həllini tapmayacaq, əksinə, daha da ağırlaşacaq. Bu ümidlər də puça çıxmaqdadır. Artıq sadə erməni ictimaiyyəti də bunu görür və indiki hakimiyyətin ölkəni uçuruma aparmasına etiraz olaraq küçələrə çıxıb. Artıq xalq Sərkisyan rejimindən bezib. Vəziyyətdən çıxış yolunu görməyən yüz minlərlə insan ölkəni tərk edir və bu da faktiki olaraq işçi qüvvənin itirilməsi deməkdir. Çünki tərk edənlərin böyük əksəriyyəti gənclərdir. Siyasi müxalifət də xalqa dəstək verir.

-Bəs vəziyyətdən çıxış yolu nədədir?

– Ermənistanın yeganə çıxış yolu məntiqə üstünlük verərək işğalçılıq siyasətindən imtina edib, Azərbaycan torpaqlarını azad etməkdir. Bundan sonra iki ölkə arasında kommunikasiya xətlərinin açılması Azərbaycan və Türkiyə ilə münasibətlərini qurub birgə layihələrdə iştirak etməklə iqtisadi-sosial vəziyyətini normallaşdıra bilər. Necə ki, Gürcüstan bu əməkdaşlıqdan bəhrələnir. Amma düşünmürəm ki, Ermənistanın bu günkü hakimiyyəti belə bir məntiqi addım atıb xalqını üzləşdiyi uçurumdan xilas etsin. Çünki Azərbaycan prezidentinin dedidyi kimi, indiki Ermənistan hakimiyyəti kriminal rejimdir. Bunun üçün hakimiyyətə yeni düşüncəli insanlar gəlməlidir. Əgər onlar belə məntiqi addımlar atarlarsa, o zaman vəziyyətdən çıxmaq olar. Bu baş verməyəcəyi və proseslərin bu cür dava edəcəyi təqdirdə Ermənistan böyük addımlarla uçuruma doğru irəliləyir.

-Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olması və son hadisələr Gürcüstanla da münasibətlərində gərginlik yaradıb. Hətta İrəvanla Tbilisi arasında yaranmış gərginliyi müzakirə etmək üçün noyabr ayının əvvəllərində Gürcüstanın iqtisadi inkişaf naziri bu ölkəyə rəsmi səfər edəcək.

– Bir daha təkrar edirəm ki, Ermənistanın yeganə çıxış yolu region ölkələri və qonşuları ilə münasibətlərini tənzimləməsindədir. Bunun üçün də ilk olaraq işğalçılıq siyasətindən əl çəkməlidir. Digər variantların heç biri, o cümlədən Avrasiya Birliyinə qoşulması onu düşdüyü bu ağır vəziyyətdən xilas edə bilməyəcək. Hətta bu ölkənin yürütdüyü siyasət vəziyyəti o həddə çatdırıb ki, regionda normal əlaqəsi olan Gürcüstanla münasibətləri gərginləşib. Ara -sıra bu ölkəyə qarşı ərazi iddiaları ilə çıxış edirlər və separatizm meylləri müşahidə olunur. Digər bir amil isə ondan ibarətdir ki, Ermənistanın bu gün Rusiya ilə yeganə quru yolu Gürcüstan üzərindən həyata keçirilir. Son dövrlərdə isə Rusiya ilə Gürcüstan arasında münasibətlər gərginləşib. Belə ki, Rusiyanın Abxaziya ilə bir sənəd imzalamaq istəyir ki, bu da rəsmi Tbilisinin qəzəbinə səbəb olub. Bu da öz növbəsində onsuz da Gürcüstan üzərindən Ermənistana gedən yüklərdə son dövrlərdə məhdudiyyət yaranmışdısa, bu vəziyyət bunu daha da məhdudlaşdıracaq.

-Siz hesab edisiniz ki, Avrasiya İqtisadi Birliyinin də Ermənistana heç bir xeyri olmayacaq?

– Bəli. Çünki bu təşkilatdakı Qazaxıstan və Belarusun Ermənistanın quruma üzv olmasında heç də maraqlı görünmürdülər. Ermənistanın bu qurumdakı yeganə havadarı Rusiyadır. Ancaq bu gün ağır iqtisadi sanksiyalarla üzləşən, rublun dəyəri düşdükcə inflaysiyanın artığı və neftin ucuzlaşamsı nəticəsində xərclərin azaldığı bir vaxtda Rusiyanın Ermənistanın düşdüyü bu vəziyyətdən xilas etmək faktiki olaraq gücü yoxdur. Heç elə bir niyyəti də yoxdur.

– Belə olan halda Ermənistanı nə gözləyir?

– Burada iki variant mövcuddur. Ya Sərkisyan rejimi müxalifətlə dialoqa gedib müəyyən qərarlar qəbul etməlidir, ya da ki, yaxın günlərdə aksiyaları güc yolu ilə dağıtmalıdır. İkinci variantda, aksiyaları güc yolu ilə dağıtmaq tələfat demək olduğundan bu, Sərkisyan rejimi üçün öldürcü bir zərbə olar. Qaldı ki, müxalifətlə dialoqun da heç də normal alınacağına ümid azdır. Çünki hər iki variant Sərkisyan hakimiyyəti üçün ziyanlıdır. Dialoq zamanı Sərkisyan ya hakimiyəti müxalifətlə bölməli, ya da ki, vaxtından əvvəl prezident və parlament seçkiləri keçirilməlidir.

-Siz hesab edirsiniz ki, dialoq mümkündür?

– İnanmıram. Çünki istənilən variant Sərkisyan rejiminin ziyanınadır və hakimiyyətdən getməsinə xidmət edir. Seçkilər yolu olsa da Sərkisyan öz sələfini hakimiyyətə gətirə bilməyəcək. Çünki xalq artıq bu rejimi istəmir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600