“Şərq məsələsi”ndən “Asala”ya: Tarixi xəyanətlər və sistemli erməni terroru - VİDEO
Yenicag.az-ın təqdimatında “Oğuzla Tarix Çağı” proqramının növbəti buraxılışı arxiv sənədləri və elmi təhlillər işığında müzakirə olunduğu verilişin budəfəki mövzusu regionun taleyini dəyişən “Şərq məsələsi” və türk dünyasına qarşı yönəlmiş sistemli terror fəaliyyətləridir.
Proqramın qonağı, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov ilə aparılan müzakirədə XIX əsrdən etibarən dünya siyasətinin əsas gündəminə çevrilən “Şərq məsələsi”nin mahiyyəti açılıb.
Ekspert, böyük güclərin Osmanlı İmperiyasını parçalamaq planlarında erməni icmasından bir alət kimi necə istifadə etdiyini konkret faktlarla diqqətə çatdırıb. Bildirilib ki, “erməni məsələsi” süni şəkildə qabardılaraq regionda qanlı münaqişələrin təməli qoyulub. Verilişdə erməni radikalizminin terror müstəvisinə keçidi geniş təhlil olunub. Müzakirə zamanı erməni xəyanətlərinin tarixi xronologiyasına toxunulub, dinc əhaliyə qarşı törədilən qırğınların siyasi motivləri izah edilib.
Verilişin ən diqqətçəkən məqamlarından biri erməni radikalizminin terror müstəvisinə keçidinin təhlili olub. Tarixçi T.Cəfərov XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına və Osmanlı dövlət xadimlərinə qarşı təşkil edilən “Nemezis” terror əməliyyatından bəhs edib.
Müzakirələr zamanı bu terror ənənəsinin 1970-80-ci illərdə “Asala” terror təşkilatı tərəfindən davam etdirildiyi bildirilib. Dünyanın müxtəlif paytaxtlarında türk diplomatlarını hədəf alan sui-qəsdlər, hava limanlarında törədilən partlayışlar və dinc əhaliyə qarşı törədilən cinayətlərin eyni ideoloji qaynaqdan qidalandığı faktlarla sübut edilib.
Verilişdə müasir geopolitik vəziyyətlə bu tarixi hadisələr arasında paralellər aparılıb, gənc nəslin bu faktları dərindən bilməsinin vacibliyi vurğulanıb.













