Sertifikat, yoxsa səriştə? – Müəllimlərin bilik problemi GÜNDƏMDƏ
“Öz ixtisası ilə bağlı elementar biliklərə malik olmayan müəllimlər də var”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri bildirib.
Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadənin “bizdə bilikli müəllim çatışmır” ifadəsini şərh edən ekspertin fikrincə, bu ifadə bəzi mətləblərə görə yanlış anlaşılmış ola bilər:
“Düşünürəm ki, DİM sətrinin bu fikri bir yox, bir neçə rakursdan dəyərləndirilməlidir. Amma öncə bu irada toxunmazdan əvvəl belə bir sualı özümüz üçün dəqiqləşdirək: “bilikli müəllim” – yalnız öz ixtisası ilə bağlı lazımı informasiya bazasına malik şəxsə deyilir. Müəllimin bilikli olması hələ onun peşə səriştəsində, müəllimlik keyfiyyətində, idarəçilik və pedaqoji bacarıqlarında tam hazırlıqlı anlamına gəlmir”.
E. Nuri qeyd edir ki, M. Abbaszadənin səsləndirdiyi fikrin fərqli məna kəsb etməsi mümkündür:
“Bir müəllimin bilikli olması onun yalnız zəruri informasiya, datalarla təmini deməkdir ki, bu da, təhsilverənə ancaq hər hansı testoloji imtahanlarda – MİQ və sertifikatlaşdırma müsabiqələrində lazım olur. DİM sədri də sırf bu imtahanlardakı nəticələrə əsaslanaraq müəllimlərlə bağlı o fikri söyləmiş ola bilər. Amma tam səmimi deyim ki, şəxsən mən müəllimlərin bir çoxunun bilik sarıdan axsamadığını, əksinə, informasiya bazası baxımından tam hazırlıqlı olduğunu düşünürəm. Doğrudur, öz ixtisası ilə bağlı elementar biliklərə malik olmayanları da var, onlar ümumi sayın çox cüzi hissəsini təşkil edir. Sırf bu iki müsabiqənin nəticələrinə uyğun olaraq müəllimlərin bilik səviyyəsinə uyğun fikir bildirmək, məncə, doğru yanaşma deyil. Bəli, bu da bir göstərici, bu bir databazadır. Buradakı zəif nəticələri göstərənlər də müəllimlərdir. Amma müəllimin qiymətləndirilməsi və dəyərləndirilməsi üçün yalnız bu datalar üzərindən hərəkət etməyi təqdir etmirəm”.
Nurlan Cəfəri