!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səudiyyə sarayında nə baş verir? - Rusiyalı ekspertin şərhi

!Reklam – Yazi

Rusiyanın Yaxın Şərq üzrə tanınmış eksperti Qriqori Lukyanov Yenicag.ru-ya müsahibəsində Səudiyyə Ərəbistanında və bölgədə cərəyan edən prosesləri dəyərləndirib.

– Səudiyyə Ərəbistanında yaranmış vəziyyəti necə qiymətləndirirsiz? Vəliəhd şahzadənin belə kəskin addımları ölkədə sabitliyin pozulmasına gətirib çıxara bilərmi?

– Məntiqlə yanaşsaq, yeni yaradılmış antikorrupsiya komitəsinin Səudiyyə Krallığının siyasi və iqtisadi elitasının təmsilçilərinə qarşı qəbul etdiyi qərar ilk növbədə səhhətində problem yaranacağı və ölkəni idarə edə bilməyəcəyi durumda hakimiyyətin kral Salmandan oğlu Məhəmmədə ötürülməsini ağrısız şəkildə həyata keçirilməsinə hesablanıb.

Görünən budur ki, Məkkə və Mədinədə İslam müqəddəsliyinin qoruyucusu olan kralın səhhəti gündən-günə pisləşir və ümidsizləşir. Bu isə vəliəhd şahzadənin tərəfdarlarını ölkədəki proseslərə real təsir imkanlarına malik potensial rəqiblərə qarşı daha qətiyyətli addımlara sövq edir.

Onları şərti olaraq, üç qrupa ayırmaq mümkündür. “İdarəçilər” – (maliyyə naziri İbrahim əl-Assafın timsalında dövlət məmurları); “Güc strukturları” – ( Milli qvardiya naziri Miteb ben Abdulla və ölkənin Hərbi Hava Qüvvələrinin sabiq komandanı Türki ben Nasser) və “Maliyyəçilər” – (Ölkədəki siyasi-iqtisadi proseslərə təsir imkanları olan iri korporasiyaların rəhbərləri).

Antikorrupsiya tədbirləri özlüyündə vəliəhd şahzadənin hakimiyyyətə gəlişinə mane olmasa da, bu prosesi çətinləşdirə biləcək şəxslərə qarşı irəli sürülən iddiaların məzmununu müəyyənləşdirmir.

Bu addımlar daha çox Krallıqdakı siyasi “təmizləmə”nin ölkə xaricində legitimləşdirilməsi və vəliəhd şahzadənin öz islahatçı tövrü ilə güvəndiyi, elit təbəqədən çıxmayan kütləyə istinadı kimi qəbul edilir.

Hakimiyyətin ötürülməsində müqavimətin olacağı mümkündür. Məhəmməd bin Salmanın hakimiyyətə gəlməsinə qətiyyən razı olmayan və onun ambisiyalarını qəbul etmək istəməyənlərin sayı az deyil. Əgər belə olmasaydı, o halda xeyli sayda nüfuzlu şəxsin azadlıqdan məhrum edilməsinə ehtiyac qalmazdı. Bundan başqa, həmin şəxslərin arxasında güclü ailələri və müştəriləri dayanır.

İstisna etmək olmaz ki, digərləri hələ son sözlərini deməyiblər və bu da yaranmış gərginliyin aradan qalxmasına imkan vermir. Eyni zamanda, proseslərin davamında vəziyyətin kəskin surətdə dəyişməsi də mümkündür.

– Sizcə, bu proseslər Səudiyyə Ərəbistanına və onun xarici siyasətinə necə təsir edəcək?

– Əgər hakimiyyətin ötürülməsi prosesi rahatlıqla həyata keçirilsə, o zaman Səudiyyə xalqı onilliklərdən sonra ilk dəfə gənc və enerjili monarx qazanacaq. Bu, həm dövlət, həm də şəxsi risklərini gözə alan, bununla belə, ciddi dəyişikliklərə hazır olan cəmiyyətə yönəlik çağırışdır. “Ərəb baharı” prosesindən uğurla çıxan ölkə özünün siyasi dayaqlarını və spesifik iqtisadi modelini qoruyub saxlamağa nail olub.

Təhlükəli ekoloji vəziyyət və dünya bazarında neftin qiymətinin təhdideci səviyyəsi Səudiyyə elitasına hələ ki genişmiqyaslı köklü islahatlara başlamağa imkan vermir. Ölkənin əhalisi və onun tələbatı artmaqdadır, bu səbəbdən, xərclərin indiki durumunda insanların vərdiş etdikləri həyat səviyyəsinin qorunub saxlanması üçün islahatların vacibliyi dərk edilir. Ancaq islahatlara başlamaq heç də asan deyil. Şahzadə ben Salman isə nəticəsini özünün belə təsəvvür eləmədiyi köklü dəyişikliklərin rəmzi kimi qəbul olunur.

Digər tərəfdən, islahatların gedişində hələlik, o qədər də qabarmayan, hiss olunmayan daxili ziddiyyətlərin sosial-siyasi-iqtisadi dəyişikliklər prosesində, turbulent vəziyyətdə “partlayacağı” da istisna deyil.

Ümumiyyətlə, 2015-ci ildən etibarən, Səudiyyə Krallığının xarici siyasəti şahzadə Məhəmməd ben Salmanın iştirakı ilə müəyyən olunub və daha çox onun mövqelərinin möhkəmlənməsinə xidmət edib. Bununla əlaqədar, ben Salmanın hakimiyyətə gələcəyi təqdirdə Səudiyyənin xarici siyasətində ciddi dəyişiklik gözlənilmir.

Araz Zeynalov

COP29

www.yenicag.az

2048
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv