Uzun illərdir ki, Azərbaycanın rəsmi dini və dinlə bağlı qurumları Ramazan ayının başlanması və bayram namazı ilə bağlı birliyin olmasına çalışırlar. Həm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, həm də Qafqaz Müsəlmanlar İdarəsinin bu yöndə fəaliyyəti göz önündədir. Fəqət hər il xüsusilə Bakıda fərqli təqvimlər yayılır və əhali arasında çaşqınlıq salınır. Bu addımı atanlar daha çox xaricdəki şeyx və ayətullahlara istinad edirlər.
Maraqlıdır ki, bu il Ramazandan çox öncə müvafiq qurumlar çaşqınlıq yaranmasının qarşısını almaq istəsələr də, öz bildiyini oxuyanlar da az deyil.
Yenicag.az xəbər verir ki, QMİ bu barədə fətva verməsinə baxmayaraq, özünün dediyi kimi, Qafqaz Müsəlmanları İdarəsinin saytında şəri suallar bölməsinə göndərilən sualları cavablandıran, idarənin Fətva şöbəsinin aparıcı əməkdaşı Mircəfər Әyyubov fərqli mövqe sərgiləyib.
Belə ki, hörmətli ağanın sözlərindən belə çıxır ki, QMİ nə fətva verirsə versin, müsəlmanlar bağlı olduqları müctəhidlərin istədiyi kimi davranmalıdırlar. O zaman sual yaranır ki, QMİ-nin fətvasının heç bir dəyəri yoxdursa, daha niyə əziyyət çəkib, vəhdət təbliğatı aparırlar? Müsəlmanları QMİ-nin deyil, tabe olduqları müctəhidlərin, dolayısı ilə İranın fətvasına bağlı olmağa çağırmaq hansı anlama gəlir? Hörmətli şeyxülislamın multikultural siyasəti ilə idarənin beş addımlığındakı “Təzə Pir” məscidinin axundunun mövqeyinin daban-dabana zidd olması nə ilə izah edilməlidir? Azərbaycan xalqını Ramazan ayında beş-on parçaya bölən elə həmin o şeyxlər, müctəhidlər, ölkələr deyilmi? Biz nə zaman başqa dövlətlərin ərazisindəki ayla hərəkət edəcəyik? Yəqin ki, QMİ-nin suallar bölümündə buna cavab tapa biləcəyik.
Yenicag.az
www.yenicag.az