!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sil başdan… - Anar Əsədli yazır

!Reklam – Yazi

Artıq neçə vaxtdır, paylaşımlarımızda əsasən bir fikri aşılamağa çalışırıq ki, bir dövlətin taleyində hər şeydən – diplomdan, savaddan, bilikdən önəmli olan dövlətçilik təfəkkürünün olmasıdır. Bir Azərbaycan vətəndaşının ən ümdə vəzifəsi Azərbaycan dövlətinə milli şüuru ilə bağlılığıdır.

Azərbaycan vətəndaşı yeni qurulmuş ölkəsində milli şüur altında dövlətçilik ideologiyası ilə siyasi tərbiyə alıb böyüməlidir. Bu, vətəndaş cəmiyyətinin hər bir üzvünə aiddir – aşağıdan yuxarıya qədər…

Milli faciədir ki, Azərbaycan vətəndaşı olan Qafqazın şeyxülislamı Azərbaycanın heç vaxt dostu olmayan, aşkar şəkildə suverenliyinə təhdid olan, 30 milyondan çox soydaşımızın hüquqlarını əlindən alan, düşmən dövlət Ermənistanı tamamilə iqtisadi himayəsində saxlayan bir dövlət üçün ricada bulunur. Azərbaycanın çoxsaylı faciələrinə və problemlərinə susması bir yana, – artıq bu barədə sosial şəbəkələrdə yazıldığı üçün statistikanı sadalamıram – sən qalx bizə dost mövqe göstərməyən bir dövlət üçün Amerikaya müraciət elə.

Bu, milli faciədir və sözün həqiqi mənasında xəyanətdir.

Araşdırmaya ehtiyacı olan suallardan biri, Qafqaz şeyxülislamı kimi bu adam hansı Qafqaz müsəlman xalqının problemləri ilə maraqlanıb və qayğısına qalıb? Çeçen, inquş, abxaz və s. xalqların problemləri və yaşadıqları faciələrlə bağlı nə fikri və əməli var?
Heç xatırlamıram ki, şeyx həzrətləri Qafqazda baş verən çoxsaylı qanlı münaqişələrin birində barış missiyası ilə çıxış etsin, ya da ən azı buna cəhd etsin. O zaman bu gün hansı məntiq, maraq və cəsarətlə Qafqaz regionuna daxil olmayan bir dövlət üçün Amerikaya müraciət edir və barış missiyasını üzərinə götürür? Ruslar Qafqazda çeçenlərin böyük hissəsini qırdı, niyə səsi çıxmadı şeyx həzrətlərinin?

Əslində, istər icra başçısının yardıma ehtiyacı olanların pulunu yeməsi, istər 9 fevral parlament seçkilərində insanların halal səsinin oğurlanması və s. kimi halların yaşanmasının tək səbəbi yuxarıda da qeyd etdiyimiz kimi, dövlətçilik ənənəsinin olmamasında, milli ruh və şüurda olmayanların hakimiyyətin yuxarı iyeyarxiyasında irəli çəkilməsidir.

Bu gün istər Prezident, istər hakimiyyətin digər sözçüləri son günlər baş verənlərə dövlətə xəyanət prizmasından yanaşırlar. Tamam, doğru, razıyıq. Pəki bəs indi hansı kriteriyalarla kadr seçimi aparılır? Məsələn, Milli Məclisin yeni təyin olunan “KVN”şik şöbə müdiri hansı meyarlarla hakimiyyət pilləsində irəli çəkilir? Həbs olunan, xalqın malını yedikləri deyilən icra başçılarının övladları və yaxın qohumları yüksək vəzifədə təmsil olunurlar. Dədəsi rüşvət alır, balası Korrupsiyaya Qarşı Mübarizə İdarəsində oturub… Bu, nə məntiqdir, bu, nə sistemdir?
Burada yanlış anlaşılmasın ki, biz bolşevik düşüncəsi ilə məsələyə yanaşırıq. Əsla. Heç kimin valideyninə görə cəza çəkməsini doğru hesab etmirik. Amma fakt odur ki, Azərbaycanda olan məmur balaları altlarındakı maşınlar da, yaşadıqları evlər də valideyinlərinin aldığı rüşvət hesabınadır. Təyin olunduqları vəzifələr də öz təhsil və ya hər hansı xüsusi istedadlarına görə deyil, yenə də valideynlərinin xəyanətə bərabər tutulan əməlləri sayəsindədir.
Təbii ki, belə halda şeyxin də bu cür biabırçı açıqlamaları olacaq. Bu baxımdan da kadr siyasətinin aparılması dövlətin ən ciddi və xüsusi işlənib-hazırlanmış strategiyalarından biri olmalıdır.

Ümid edirəm, bu həbslərlə başlamış təmizləmə işi digər sahələrə də əks olunacaq və artıq layiqli kadrlardan istifadə olunmağa başlanılacaq.

Yoxsa, Zahid Orucun sözü olmasın, müharibə qanunları ilə cəzalandırmaq da dövlətin köməyinə yetməyəcək.

Bu gün, məncə, ən ciddi işlərdən biri kadr bankının yaradılması olardı. Məsələn, bizim Türkiyədə ciddi ilahiyyat təhsili almış kadrlarımız var ki, bu gün Türkiyə universitetlərində müəllimdirlər. Amma Qafqaz Müsəlmanları İdarəsində heç olmasa, şeyxin müşaviri olsaydılar, başa salardılar ki, ayıbdır, belə eləmək olmaz, özünü də, dövləti də rəzil edərsən.

Həmçinin, MM-də şöbə müdiri olacaq beynəlxalq münasibətlər sistemini bilən onlarla kadrlarımız hansısa 3-cü, 4-cü dərəcəli məktəblərdə çörəkpulu qazanmağa məhkum edilib.

Başqa sahələrlə bağlı da örnək göstərəcək kifayət qədər fakt var. Odur ki yeni siyasi münasibətlər sisteminə qədəm qoymalıyıq.

Təklif edirəm ki, Azərbaycan Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası vətəndaş cəmiyyəti institutlarının birgə iştirakı və təklifləri ilə kadr bazası yaradılması istiqamətində layihələr hazırlasın, bu təşkilatların referans verdiyi milli təhsilli kadrların bazasının yaradılıb müvafiq dövlət qurumlarına təqdim olunmasını təşkil etsinlər.
Unutmayaq ki, milli kimliyini tanımaq həm də bir siyasi tərbiyə anlayışına sahib olmaqdır. Siyasi tərbiyəsi olan kəslər isə, dövlətə lazım olan kadr məsələsində təfəkkür və vicdan anlayışlarına sahibdirlər ki, bu da ölkənin inkişafının təməl daşlarındandır!

P.S. Yazının adı isə məşhur türk musiqisindəndir, yazını oxuyub bitirindən sonra dinləyin.

www.yenicag.az

914
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv