Şimali Kipr Respublikasının yaranmasının 34-cü ildönümü münasibətilə tədbir keçirilib.
Yenicag.az xəbər verir ki, 15 noyabr tarixində keçirilən tədbirdə Azərbaycanın diaspor naziri Nazim İbrahimov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, TÜİB sədri Hüseyin Büyükfırat, ATİB başqanı Cemal Yangın, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, iş adamları, ictimaiyyət nümayəndələri və media rəhbərləri iştirak edib.
Tədbirin giriş hissəsi Azərbaycan Respublikasının və Şimali Kipr Türk Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirə çıxış sözü ilə başlayan Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Ufuk Turganer iki ölkə arasında olan hərtərəfli əlaqələr və onlar arasında olan müstəsna xidmətlər haqqında danışıb. O bildirib ki, hər iki ölkə arasında olan tərəfdaşlıq və dostluq əlaqələri hələ uzun illər davam edəcək:
“Əziz dostlar və tədbir iştirakçıları bu günkü gündə bizim dəvətimizi qəbul edib gəldiyiniz üçün hər birinizə dərin minnətdarlığımı bildirirəm. Düşünürəm ki, Azərbaycan və Şimali Kipr Türk Respublikası arasında olan əlaqələr həm siyasi, həm iqtisadi, həm də digər sahələr baxımından zaman-zaman özünü doğruldur. Bundan sonra da birlikdə addımlamağa və nailiyyətlər əldə etməyə davam edəcəyik.
Kiprdə türklər hər məqamda haqsızlıqlara məruz qalaraq, əngəllərə məruz qalıb. Ancaq Türkiyə Cümhuriyyətinin Kipr Respublikasına verdiyi dəstək və qardaşlığı sayəsində bu əngəllər müəyyən qədər aradan qaldırılıb. Həmçinin təmsilçiliyimizin 20-ci ildönümünü də bu gün etibarilə qeyd etmiş oluruq. Azərbaycanlı qardaşlarımızla aramızdakı əlaqələrin hər gün daha da güclənəcəyinə ümid edirik və bunun üçün də birlikdə çalışmağı arzu edirəm. Son olaraq Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk başda olmaq üzrə bütün şəhidlərimizi, Şimali Kipr Türk Respublikasının quruculuğunda əməyi keçən hər kəsi rəhmətlə anıram. Bayramımız mübarək olsun”.
Tədbiri öz çıxışı ilə Milli Məclisin deputatı Hikmət Babaoğlu davam etdirib:
“Biz bu gün Şimali Kipr Türk Respublikasının yaranmasının 34-cü ildönümü münasibətilə toplanan iştirakçılarıq.
34 il bundan öncə Ağ dəniz ətrafında baş verən mürəkkəb ictimai-siyasi proseslər nəticəsində Şimali Kipr Respublikası yarandı. O gündən bu günə qədər həmin dövlət özünün funksional aparatını qurmaqla, siyasi sistemi yaratmaqla, çox partiyalı sistemə demokratik addımlar atmaqla dünyada sözünü demiş oldu. Bu illər ərzində Kipr Aralıq dənizdə yerləşən bir ada idi. Lakin buna baxmayaraq, sovet dönəminin dəmir pəncərələrinə rəğmən hər bir azərbaycanlının ürəyində Şimali Kipr Respublikasının gələcəyi, onun fəaliyyəti maraq doğururdu.
Tarixin mürəkkəb dönəmində-1991-ci ildə Azərbaycan da öz müstəqilliyini elan etdi.Həmin gündən etibarən də Şimali Kipr Türk Respublikası ilə əlaqələr quruldu, 1997-ci ildən etibarən Azərbaycanda nümayəndəlik yarandı. Bundan sonra aramızda münasibətlər inkişaf etməyə başladı. Turizm, təhsil, mədəniyyət və incəsənət sahələrində münasibətlərimiz var. Bu münasibətlə hər iki ölkəni təbrik edir, gələcəkdə öz dövlətçilik ənənələrini daha da inkişaf etdirmələrini arzu edirəm”.
Tədbir tanınmış sənət adamlarının ifası ilə davam edib.
Elvin Paşazadə
www.yenicag.az