“Şimali Koreya da müharibəyə girə bilər” – Qlobal münaqişənin qaranlıq TƏRƏFİ
“Rusiyanı saxlamaq üçün Qərb açıq-aydın müharibəyə qoşulmalıdır”
Bu fikri ABŞ prezidenti Donald Trampın Rusiyaya verdiyi vaxtın bitməsi və ondan sonra sahədə gözlənilənləri Yenicag.az-a dəyərləndirən hərbi ekspert Şair Ramaldanov bildirib.
Şair Ramaldanov qeyd edib ki, Ukrayna 30 minlik qoşunla əks-hücuma keçə bilər:
“Bəzi məlumatlara görə, zamanın qısaldılması Ukrayna ordusunun ehtiyatlarının döyüşlərə qoşulması ilə bağlıdır. Ukrayna ordusunun ehtiyatları xaricdə hazırlanıb. Ola bilsin, ehtiyat qüvvələri hazırdır və ya hazır olması ilə bağlı Trampda məlumat var. Əgər bu məlumatlar doğrudursa, Tramp ultimatum verəcək və Ukrayna əks-hücuma keçəcək. Ola bilsin, bu hücum Rusiya-Ukrayna sərhədində baş verəcək. Bunun nəticələrinə görə isə hansısa siyasi qərarlar qəbul oluna bilər. Əgər bu baş verərsə, Tramp Ukraynaya yardım da göstərəcək. Ən uyğun ssenari budur. Digər ssenarilərin baş tutması real deyil.
3 ildən artıq davam edən müharibədə Ukraynanın müttəfiqləri etdikləri yardımlarla Rusiyanı saxlaya bilməyiblər, bundan sonra da saxlaya bilməyəcəklər. Yalnız o zaman effektiv ola bilər ki, Rusiyaya qarşı açıq-aydın müharibəyə qoşulsunlar. Texnika göndərməklə nəticə əldə edilmir və əldə olunması da gözlənilmir.
Məlumatlar var ki, 30 minlik Şimali Koreya ordusu da müharibəyə qoşula bilər. Hesab edirəm ki, Şimali Koreya ordusu Rusiya ərazisində gedə biləcək döyüşlərdə iştirak edə bilər.
Bu vəziyyətdən bir çıxış yolu var – hansısa şəkildə Rusiya ilə müəyyən razılığa gəlib, müharibəni bitirmək. Bunun başqa yolu görünmür. Digər yollar nüvə müharibəsinə, Üçüncü Dünya Müharibəsinə səbəb ola bilər.”
Səxavət Məmməd