!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şimali Qafqaz yenə “qaynayır”: “Baş verənlər təsadüf deyil” – Çeçen politoloq

!Reklam – Yazi

“Bu problemlər hansısa qüvvələr tərəfindən yaradılır və regionun münaqişə ocağına çevrilməsinə cəhd göstərilir”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində son həftələrdə Şimali Qafqazda millətlərarası gərginliyin artmasının səbəblərinə toxunan Çeçenistanlı politoloq İslam Saydayev deyib:

“Bəli, həqiqətən də, Şimali Qafqazda mütəmadi olaraq, müxtəlif problemlər baş qaldırır. Təsadüf olar bir dəfə, iki dəfə, üç dəfə… Ancaq problemlər on dəfə təkrarlanırsa, deməli, bu, planlaşdırılmış aksiya və provakasiya təəssüratı doğurur.

Bildiyimiz kimi, bu yaxınlarda Dağıstanın Novı Lak rayonunda çeçenlərlə dağıstanlılar arasında mübahisəli torpaqlar üstündə münaqişə yaranacaqdı. Əgər Çeçenistan parlamentinin sədri Maqomed Davudov insidentə vaxtında müdaxilə etməsəydi, mübahisə qanlı toqquşmaya səbəb olacaqdı.

Bundan başqa, Dağıstanın müxtəlif rayonlarında noqaylarla dağıstanlılar və ondan bir gün sonra isə kumıklarla avarlar arasında da münaqişələrin baş verməsi haqda xəbərlər yayıldı. Yəni bu problemlər hansısa qüvvələr tərəfindən yaradılır və regionun münaqişə ocağına çevrilməsinə cəhd göstərilir.

Hesab edirəm ki, bütün bunlar təsadüf deyil. Həmin münaqişələrin Şimali Qafqazda sabitliyi pozmaq üçün süni və məqsədli şəkildə yaradıldığı diqqətdən yayınmır”.

Saydayev qeyd edib ki, bir müddət əvvəl kabardinlər və balkarlar arasında baş vermiş münaqişənin də əsas məqsədi respublikanın sabiq rəhbərini vəzifəsindən uzaqlaşdırmaq olub:

“Kabarda-Balkarda o münaqişə bayram nümayişi zamanı yaranıb. Əhalinin əylənib istirahət etdiyi vaxt anidən yaranan qarşıdurma az qala qan tökülməsi ilə nəticələnəcəkdi. Həmin hadisənin analizi də göstərir ki, hər şey əvvəldən hazırlanıb. Bu insidentlərin kökünə baxanda isə aydın olur ki, Şimali Qafqazda münaqişəyə səbəb olan heç bir ciddi amil yoxdur. Daha doğrusu, xırda problemlərin şişirdilərək, münaqişəyə çevrilməsinə çalışanlar var. Çeçenistanla İnquşetiya arasında ərazi mübahisəsi də bu məsələlər sırasındadır. İndi hər kəs başa düşür ki, müharibə fəlakətdən başqa heç nə gətirmir”.

Ekspertin fikrincə, Qafqaz xalqlarının əsas bəlası son dərəcə emosional olmaq və ağlın sözünü dinləməməkdir:
“Kabarda-Balkar Respublikasında baş vermiş məlum hadisələrdən sonra regionun rəhbərliyi vəzifədən uzaqlaşdırıldı. Əslində, o münaqişə elə bu nəticə üçün hesablanmışdı. Bu, adi siyasi gediş idi. İşinin öhdəsindən gələ bilməyən rəhbərliyi adətən, bu vasitələrlə vəzifədən götürürlər. Süni şəkildə bir münaqişə yaradırlar, sonra isə deyirlər ki, sən bu işin öhdəsindən gələ bilmirsən.

Dərd həm də burasındadır ki, bizim Qafqaz xalqı çox sadəlövh və tez inanan olduğu üçün onu istiqamətləndirmək asandır. Ona görə də bizi həmişə idarə ediblər və edəcəklər. Əgər ağlın sözünə qulaq asmasaq, bu, belə də davam edəcək”.

Qafqaz Ömərov

COP29

www.yenicag.az

3510
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv