Şirvan şəhərində “Təmiz hava” aylığı çərçivəsində avtonəqliyyat vasitələrinə reyd keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Şirvan şəhər Polis şöbəsinin Dövlət yol polisi bölməsi və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə Şirvan şəhərində nəqliyyatın sıx olduğu yerlərdə avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarının ölçülməsi və atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi məqsədi ilə reyd keçirilib. Xüsusi avadanlıqlar vasitəsilə avtomobillərdən ixrac olunan qazların tərkibi yoxlanılıb. Sürücülərə tələblər və qaydalar izah olunub.
Reyd zamanı bəzi minik avtomobillərində atmosferə buraxılan zərərli qazların miqdarının normadan bir neçə dəfə artıq olması müşahidə olunub. Yol polisi bölməsinin inspektorları tərəfindən atmosferi həddindən artıq çirkləndirən avtomobillərin sürücüləri barədə qanunamüvafiq tədbirlər görülüb.
Bununla yanaşı, reyd zamanı ciddi qayda pozuntularına yol verərək həm nəqliyyatın, həm də piyadaların hərəkəti üçün təhlükə törədən, sənədsiz avtomobil idarə edən və əks zolaqla hərəkət edən sürücülər də müəyyən edilərək barələrində protokol tərtib edilib.
“Təmiz hava” aylığı çərçivəsində keçirilən reydlər avqust ayının sonuna qədər davam etdiriləcək.
www.yenicag.az