“Siyasət heç də doğru aparılmır“
“Xocalı abidəsinin üzərindən “soyqırım” sözünün silinməsi Türkiyəyə yaraşan hərəkət deyil”.
Bu sözləri açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı, Türkiyənin Uşaq vilayətində Xocalı qurbanları üçün qoyulmuş abidənin üzərindən soyqırım sözünün silinməsi məsələsindən danışarkən dedi. Deputat bildirdi ki, bu məsələ ilə bağlı türkiyəli deputatlarla görüşüb və onlar bu məsələ ilə məşğul olacaqlar:
“Qondarma erməni soyqırımı ilə bağlı Türkiyədə konfransda olan zaman sizinlə telefonda danışarkən həmin abidənin üzərindən soyqırım sözünün silindiyini öyrəndim. Həmin konfransda abidənin qoyulduğu Uşaq vilayətindən olan chp-çi millət vəkili iştirak edirdi. Məsələnin nə yerdə olduğunu ona deyəndən sonra xanım deputat söz verdi ki, vilayətə qayıdandan sonra məsələni araşdıracaq və zəng edərək bizə məlumat verəcək. Siz ondan qabaq məlumat verdiniz və aydın oldu ki, bu qərarı Türkiyənin Xarici İşlər Nazirliyi verib və Uşaq Bələdiyyəsi sadəcə qərarı icra edib”.
Deputat, bu kimi halların iki ölkə arasındakı münasibətlərə yaraşmadığını və qısa zamanda aradan qaldırılmasının zəruri olduğunu bildirdi. O vurğuladı ki, bu kimi hallarla bərabər Türkiyənin daxilində ermənilərlə və təhdid ünsürü olan digər qüvvələrlə münasibətlər düzgün tənzimlənmir:
“Yəqin ki, abidənin üzərindən soyqırım sözlərinin silinməsi Türkiyənin Ermənistan da daxil olmaqla digər qonşuları ilə gərginliyin azaldılması siyasətinin davamıdır. Əslində isə, bu siyasət heç də doğru aparılmır. Bir tərəfdən Suriya ilə sərhəddə müharibə gedir, digər tərəfdən şərq sərhədlərində saxta atəşkəs elan edilib və guya terorçuların dağdan endirilməsi siyasəti davam etdirilir. Əslində isə, Türkiyənin doğusunda yaranmaq üzrə olan Kürdistan dövlətinin konturları cızılıb. Universitetlər açılıb, yollar nəzarətə götürülüb, həmin ərazilərdə Türkiyənin hərbi obyektlərini yerləşdirməsinə əngəl olan qüvvələr ortaya çıxıb, müxtəlif təxribatlar aparıblar. Bunun arxasınca da Türkiyənin Baş naziri qondarma erməni soyqırımı iddiaları ilə bağlı 24 aprel tarixində ermənilərə başsağlığı verir. 1915-ci ildə incidilmiş ermənilərin nəvə-nəticələrindən üzrxahlıq edir. Halbuki həmin ildə ermənilərdən 2 dəfə çox türk və kürd dünyasını dəyişib. Həm də ermənilərin bir yerə yığılması nəyə görə soyqırım sayılmalıdır ki? Müharibə gedən zaman insanların eyni yerə köçürülməsi bütün dünyada var. ABŞ Yaponiya ilə savaşan zaman yaponların hamısını bir yerə yığmışdılar. Bu, olduqca normal haldır. Türkiyə də savaş gedən zaman erməniləri ölkənin içəri vilayətlərinə köçürüb”.
Xalq şairi Azərbaycanla Türkiyə arasındakı münasibətlərin daha da yaxınlaşmasının zəruri olduğu bir dönəmdə belə bir hərəkətin heç də düzgün olmadığını və məsələ ilə bağlı Azərbaycan XİN-nin rəsmi Ankara ilə məsələnin həlli istiqamətində danışıqlar aparmasının gərəkli olduğunu da dedi:
“Azərbaycanın Türkiyəyə göstərdiyi münasibətin yanında, abidənin üzərindən soyqırım sözünün silinməsi iki ölkə arasındakı münasibətlərin pisləşməsinə səbəb ola biləcək bir haldır. Hər iki dövlət bir-birinə yaxınlaşmalıdır. Bu cür hallar məqbul sayılmır. Həmin abidənin qoyulmasında təşkilatçı olan Türkiyə Milliyətçi Hərəkat Partiyası həmin ölkənin Xarici İşlər Nazirliyi ilə danışıqlar aparmalı və abidənin üzərindəki soyqırım sözünün bərpa edilməsinə nail olmalıdır. Bizim Xarici İşlər Nazirliyi də rəsmi Ankara ilə bununla bağlı danışıqlar aparmalıdır”(axar.az).