Siyasilərdən çox bədbin iqtisadi proqnozlar

media-hightechnic-468x90

400903_28654Ötən həftə Mərkəzi Bankın gözlənilməz qərarı ilə milli valyutamızın – manatın məzənnəsinin 30 faizdən çox aşağı düşməsi ölkədə ciddi ajiotaj yaratdı. Onun ardınca müxtəlif məhsullar və xidmətlər üzərində baş verən bahalaşma əhalini təşvişə saldı.
Hökumətin adiyyatı qurumları, xüsusən də İqtisadiyyat və Sənaye Nazirliyi ticarət müəssisələrinə qiymətləri qaldırmamaqla bağlı xəbərdarlıq etdi. Hətta bununla bağlı müvafiq yoxlamalar təşkil olunsa da, idxal ölkəsi olduğumuzdan qiymət artımının qarşısını almaq çətindir. Odur ki, son bir həftə ərzində cəmiyyətdə ciddi narazalıq yaranıb. Amma bu narazılıq ictimai-siyasi arenada özünü lazımi səviyyədə göstərmir. Belə ki, müxalifət düşərgəsi ölkəni bürüyən bu narazılıq dalğasını siyasiləşdirib təşkilatlanmış formada kütləvi etirazlara çevirməyi bacarmadı. Sadəcə olaraq, bir qrup tələbə manatın məzənnəsinin aşağı salınması və qiymət artımına etiraz əlaməti olaraq aksiya keçirməyə cəhd göstərdi. Siyasi partiyalar isə, bəyanat verməklə kifayətləndilər.

“Zərbə özünü idxal məhsullarında biruzə verəcək”

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev manatın məzənnəsinin aşağı düşməsinə münasibət bildirərkən “Reytinq”ə deyib ki, milli valyutamızın enişi gözlənilən idi. Çünki bizim pul vahidimiz iqtisadiyyatla deyil, neftin qiyməti ilə tənzimlənir. Neft bütövlükdə Azərbaycanın iqtisadi mənzərəsini cızdığından, onun dünya bazarındakı son 6 aylıq qiyməti bu sahədə çətinlikləri şərtləndirir: “Bununla əhali-nin iki qisminə fərqli təsir olacaq. Əlində və ya saxlancında milli valyutası olan seqment ciddi zərbə aldı. Bu seqment çoxsaylı deyil və əsasən sosial müdafiəsi olan təbəqədir. Bu təbəqə sosial gərginlik yarada bilməz”.
Ə.Əliyevin fikrincə, atılmış monetar addımdan daha çox ziyan çəkəcək tərəf aşağı təbəqə olacaq. Bu təbəqə isə büdcə təşkilatlarında çalışanlardan və təqaüdçülərdən ibarətdir: “Zərbənin acısı özünü idxal məhsullarında biruzə verəcək. Yəni, yeni gətiriləcək məhsullar bazara manatın yeni kursu ilə girəcək. Təbii ki, manat ekvivalentində 30 faizə yaxın artım gözlənilir”.
VİP sədri hesab edir ki, hökumət susmamalı, ört-basdır etməməli, vəziyyəti cəmiyyətə peşəkar şəkildə izah etməlidir. Onun qənaətincə, problemi “ütüləməyə” çalışanlar da, aşırı qiymət verib vəziyyətdən siyasi divident umanlar da yanılırlar: “Əslində, hökumət yaranmış dünya trendinə adekvat olmalıdır. Büdcənin, iqtisadiyyatın və ÜDM-in əhəmiyyətli hissəsinin neftdən asılılığı və OPEK-in məlum qiymət siyasətinin keçici olmadığı şəraitində priventiv tədbirlər görülməlidir”.

Şişirdilmiş strukturlardan imtina edilməlidir!

Bu gün yürüdülən inzibati siyasəti yanlış və yaxud uyğun hesab etməyən Ə.Əliyevin fikrincə, büdcə kə-sirləri kiçik biznesin tam sıradan çıxarılması hesabına deyil, bu sahədə olan siyasətin transformasiyası hesabına kompensasiya edilməlidir: “Daxili istehsalın stimullaşdırılması, rəqabət qabiliyyətli məhsul istehsalına təkan verəcək uzun vədəli proqramlar işlənməli, logistik inkişafa aparan yol tutulmalıdır. Şişirdilmiş dövlət və hökumət strukturundan imtina edilməlidir. Hökumət pərakəndə və topdanticarət ba-zarını məmur nəzarətindən çıxarmalı, liberal bazara keçid qərarı verməlidir. Belə edilməsə, manatın məzənnəsinə təsir imkanları getdikcə tükənəcək. Cəmiyyət də belə hadisələri təbii qarşılamalıdır. Cə-miyyətimizin istehlak cənnəti erası bitib. İnsanlarımız istehlakçı statusundan çıxmalıdır. Bu toplum bizə məxsusdur. Yalnız neft pullarını xərcləməyə köklənəndə, birdən belə böhran yarandıqda, kataklizmləri bizi şaşırdır. Ona görə də, cəmiyyət siyasi mübarizə aparmalı, hakimiyyətlərin və onların formalaşdırdığı hökumətlərin rəqabət şəraitində yaşamasını təmin etməlidir”.
Prosesə müxalifətin reaksiyasına gəlincə, Ə.Əliyev deyib ki, müxalifətin reaksiyası cəmiyyətin reaksiya-sından fərqlənmir. Çünki cəmiyyətimizin ovqatına uyğun müxalifətə malikik.
Tələbələrin gözlənilən aksiyasına da toxunan partiya sədri bildirib ki, sırf tələbə aksiyalarına inanmır. Çünki tələbə camiəsi təşkil olunmayıb: “Ola bilər ki, kimlərsə narazılıqdan yararlanmaq istəyir. Bu, onların seçimi və yoludur. Mən uğura gətirməyəcək prosesləri dəstəkləmirəm”.

“Əhalinin kasıb təbəqəsi var-yoxdan çıxacaq”

ADP sədrinin müavini Taliyət Əliyev isə bu məsələdə birmənalı olaraq, müxalifətin günahlandırılmasını düzgün saymır. Onun sözlərinə görə, problem ciddi və narahatedicidir, amma kütləni hərəkətə gətirmək müxalifətin səyləri ilə mümkün deyil: “Manatın məzənnəsinin aşağı düşməsi ilə çox ciddi problemlər ortaya çıxıb. Ölkəyə idxal olunan məhsulların qiymətlərindəki artım, vətəndaşların banklara olan kredit borclarında əlavə ödəmələrə məcbur edilməsi və s. kimi problemlər ölkədə onsuz da ağır olan sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdırıb. Proses belə davam etsə, əhalinin kasıb təbəqəsi var-yoxdan çıxacaq. Amma bütün bu problemlər fonunda əhalidən ciddi etirazlar yoxdur. Hamı özü-özlüyündə narazıdır, özü-özünə deyinir və müxalifətdən nəsə gözləyir. Ancaq düşünən yoxdur ki, hökumət bu addımı atmaqla təkcə müxalifətin cibinə deyil, hamının cibinə girib. Ona görə də, cəmiyyət özü bu məsələyə etiraz etməlidir”.
Müxalifət partiyalarının yaranmış vəziyyətlə bağlı mövqelərini ortaya qoyduqlarını söyləyən T.Əliyev, manatın məzənnəsinin birdən-birə inzibati üsullarla aşağı endirilməsini hakimiyyətin son 20 il ərzində yanlış iqtisadi siyasətinin nəticəsi kimi dəyərləndirib: “Mitinqlər də keçirmək olar, amma bu sifariş xalq kütlələri tərəfindən gəlməli və xalq bu aksiyalarda mütəşəkkil şəkildə iştirak etməlidir. Əks halda, mü-xalifət yalnız öz elektoratı ilə aksiya keçirəcəksə, bunun heç bir effekti olmayacaq. Ќecə ki, bundan əv-vəllər də sosial-iqtisadi tələblərlə keçirilən aksiyalarda xalq iştirak etmədiyindən heç bir nəticəsi də ol-mayıb. Bir sözlə, xalqın iştirak etmədiyi heç bir prosesin müsbət nəticəsi ola bilməz”.

Mərkəzi Bankla Maliyyə Nazirliyi susur

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli isə deyib ki, ictimai rəy manatın dəyərdən düşməsini həzm edə bilmir və cəmiyyətdə bir narahatlıq hökm sürür: “İnsanlar bir sıra hallarda baş verənlərin fonunda daha çox stress yaşayırlar. Onlar bugünkü və gələcək həyatları üçün narahatdırlar. Belə bir vaxtda baş verənlərin əsaslandırılmış izahına ehtiyac var. Təəssüf ki, nə Mərkəzi Bank, nə də Maliyyə Nazirliyinin rəhbərliyi səviyyəsində insanları sakitləşdirə biləcək heç bir açıqlama verilmir. Hər gün yayılan informasiyalar isə bədbin əhval-ruhiyyə yaradır. Dünyada baş verən siyasi, iqtisadi, maliyyə böhranının Azərbaycana təsirləri və ondan qorunmağın yolları ilə bağlı atılan addımların izah edilməsi daha düzgün olardı”.
“Ədalət” yetkilisinin sözlərinə görə, müxalifətin vəzifəsi fürsətdən bəhrələnib hakimiyyətə zərbə vurmaq olmamalıdır. M.Rəhimli hesab edir ki, belə hərəkətlər dövlətçiliyin dayaqlarını sarsıda bilər: “Ortada bir fəaliyyət konsepsiyası olmalıdır ki, buna uyğun da hərəkət edilsin. Biz insanları zorla ətrafımıza toplaya bilmərik. İndiyədək dəfələrlə bəyan etmişik ki, iqtidarın apardığı hansı siyasi və iqtisadi xətlərdə yanlışlıq var. Lakin ictimai rəy müxalifəti aktiv şəkildə müdafiə etməyib. Həm seçki saxtakarlıqlarına, həm ölkədə korrupsiya və rüşvətxorluğa, həm də insan hüquq və azadlıqlarının pozulmasına qarşı mü-barizəmiz cəmiyyət tərəfindən soyuqqanlılıqla qarşılanıb. Görünür, uzun illərdir ki, iqtidarın cəmiyyətdə yaratmağa çalışdığı “müxalifət milli mənafelərin əleyhinə fəaliyyət göstərir”,- fikri təsirsiz ötüşməyib. İndi manatın dəyərdən düşməsi iqtisadi islahatlarla bağlı dediklərimizin hökumət tərəfindən nəzərə alınmamasının doğurduğu acı nəticədir”.

İnhisarçılıq aradan qalxmalıdır!

M.Rəhimlinin fikrincə, müxalifət üçün əsas məsələ hər hansı bir problemdən bəhrələnərək nüfuz qazanmaq deyil, onun aradan qaldırılması üçün yol göstərməkdir: “Əgər indi ictimai rəy iqtisadi məsələlərə yanaşmada müxalifətin tərəfindədirsə, bu, kifayətdir. Deməli, cəmiyyət getdikcə başa düşür ki, müxalifət reallıqları iqtidardan daha yaxşı görür və daha məqbul idarəetmə potensialına malikdir. Ona gö-rə də, bundan sonra müxalifətə münasibətdə daha obyektiv mövqe tutacaq və ona dəstək verməyin vacibliyini anlayacaq”.
Müsahibimiz onu da nəzərə çatdırıb ki, indiki mürəkkəb siyasi və iqtisadi durumda hər şeyə görə küçəyə çıxmağın tərəfdarı deyil: “Amma ictimaiyyət ciddi olaraq etiraza köklənibsə və qərarı qətidirsə mitinq keçirmək olar. Məsələ bundadır ki, ictimaiyyətin narazılığı da düzgün yönəldilməlidir. İctimai rəy bütövlükdə iqtisadi islahatların aparılmasını, inhisarçılığın aradan qaldırılmasını tələb etməlidir. Əks halda, etiraz aksiyaları ilə ciddi uğur əldə etmək olmaz. Cəmiyyətdə konfrantasiya dərinləşər və bundan daha çox üçüncü qüvvələr qazanar”.

Böhran təhlükəli həddə çata bilər

AMİP Siyasi Şurasının üzvü Əli Orucov da düşünür ki, hökumətin yürütdüyü pul-kredit siyasətinin fəsadları getdikcə özünü daha çox hiss etdirəcək. Onun qənaətincə, əhalinin aztəminatlı təbəqəsi bundan daha çox əziyyət çəkəcək: “Hökumət nə qədər vədlər versə də, inflyasiyanın ikirəqəmli olacağına şübhə edilmir. Bu isə ölkədə ciddi sosial böhranın təhlükəli həddə çatacağından xəbər verir”.
Ə.Orucovun fikrincə, əhali təkcə banklardan ziyana düşməyib, həm də bankların amansız istismarına məruz qalıb: “İqtidar xalqı yenə də aldatdı, onun son tikəsini də əlindən alma yolunu tutdu. Onsuz da daxildə ciddi gərginliklər və radikallaşma artan xətlə inkişaf etməkdə idi”.
Müxalifətin bu narazlıqlardan istifadə edə bilməməsinin səbəblərinə gəlincə, AMİP funksioneri deyib ki, müxalifət bu gün öz daxili problemlərinin həlli ilə məşğuldur. Eyni zamanda, əhali də bu müxalifətə inanmır və ona güvənmədiyi də şərtlər daxilindədir.

Böhran həm iqtidarı, həm də müxalifəti vuracaq

Ə.Orucov təəssüflə qeyd edib ki, Azərbaycan müxalifəti iqtidarla konfrantasiyaya getmək həvəsində deyil. Əvvəlki illərdən fərqli olaraq, indi gücsüz durumda olan müxalifət daha çox hakimiyyətdən pay qoparmağa və hansısa kompromis əldə edəcəyinə ümid bəsləyir: “Ona görə də əvvəlki ritorika yoxdur. Müşahidə aparsanız görərsiniz ki, müxalifət düşərgəsi “yumşaq və nəzarət olunan demokratiya” xəttini götürüb və iqtidarla hansısa qarşıdurmaya gedib münsibətlərinin korlanacağını arzulamır. Əksinə, iqtidarın xoşuna gəlmək yarışına giriblər. Bu da ondan xəbər verir ki, müxalifət partiyalarının əksəriyyəti xalqın deyil, korporotiv maraqların, şəxsi çıxarların təmin edilməsinə çalışır. Amma böhran və sosial partlayış həddi iqtidarla yanaşı, indiki müxalifəti də vuracaq. Çünki yeni hərəkat, yeni proses özünün yeni liderlərini və başçılarını meydana çıxarır”. /Reytinq

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600