“Bayramla əlaqədar nəzərdə tutulmuş istirahət günlərində təcili yardıma 2300-ə yaxın müraciət daxil olub”.
Bu sözləri Yenicag.az-a Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Murad Mirzəzadə deyib.
Onun sözlərinə görə, bayram günlərində təcili yardım xidməti gücləndirilmiş iş rejimində çalışıb və bunun üçün şəhərin müəyyən istiqamətlərində postlar qurulub:
“Gücləndirilmiş iş rejimi ilə bağlı tədbirlərə dekabr ayının 29-dan etibarən başlanılıb. Bayram günlərində şəhərin boşalacağını və rayonlara axın olacağını nəzərə alaraq, saat 16:00-dan 00:00-a qədər şəhərin şimal və cənub çıxışlarında müəyyən postlar qurduq”.
Stansiya müavini onu da bildirib ki, bayram günləri 138 briqada iş başında olub:
“Bayram günlərində bölmələrdə həkim briqadası gücləndirilmiş iş rejimində çalışıb. Dekabr ayının 31-i qaynar xəttə 2300 müraciət daxil olub. Keçən illə müqayisədə azalmanın baş verdiyinin şahidi oluruq. Xatırladım ki, ötən il 2900-ə yaxın müraciət daxil olmuşdu. Hər ötən gün isə çağırışların sayı azalmaq üzrədir. Təkcə qaynar xəttə dünən 2100 müraciət daxil olub. Daxil olan müraciətlər vaxtında öz həllini tapıb və heç bir gecikmə halı baş verməyib”.
Elvin Paşazadə
www.yenicag.az