“Son Zəng” tədbirlərində GİZLİ TƏHLÜKƏ: “Təhsil sistemində tərbiyə amili yoxa çıxıb”
“Onlar üçün məktəbin idarə edilməsi ilə hansısa fabrik və ya zavodun idarə edilməsi arasında fərq yoxdur”
Bu fikirləri Yenicag.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirib.
Mütəxəssis təhsil müəssisələrində keçirilən “Son Zəng” tədbirlərində şagirdlərin köynəklərinə qanuni oğru, faşist emblemlər yazmasının səbəbləri və nəticələri haqqında şərh verib.
Onun sözlərinə görə, bu məsələ illərdir gündəm olur:
“Son Zəng”də köynəklərin üzərinə kriminal aləmin ünsürlərinin qadağan edilməsi üçün qəti tapşırıq verilib ki, bunun qarşısı alınsın. Köynəklərin üstündə 8 guşəli ulduz qoyulması, faşist svastikası və digər işarələrin qoyulması Azərbaycan orta məktəb gəncliyinin tərbiyə məsələsində ciddi problemlər yaradır. Nəticə etibarilə ölkənin təhsil sistemində tərbiyə pozulub. Ümumtəhsil məktəbləri əvvəllər təlim-tərbiyə müəssisəsi idi və pedaqoji müəllimlər var idi. Hazırda isə ümumtəhsil məktəblərində tərbiyə önəmsiz olub. Bunun əsas səbəbi də təhsil idarəetmə orqanlarında pedaqoji kadrların çatışmazlığıdır. Hazırda onlar üçün məktəbin idarə edilməsi ilə hansısa fabrik və ya zavodun idarə edilməsi arasında fərq yoxdur”.
Ekspert hesab edir ki, bu xoşagəlməz idarəetmə düzəlməyənə qədər təhsil sistemi daha da bərbad hala gələcək:
“Tərbiyə olmadan təhsil vermək mümkün deyil. Təhsil sisteminin düzgün idarə olunmaması nəticəsində ölkənin təhsil sistemində tərbiyə amili yoxa çıxıb. Bu baş verənlər də bunun acı nəticələridir. Bundan daha betər ağır nəticələr də hələ qarşıdadır. Nə qədər ki, Azərbaycan təhsilində təhsillə bağlı olmayan adamların təhsil idarəetmə müəssisələrində funksional vəzifə tutacaqlar, biz təhsil sisteminin hansı uğurlarını görə bilərik?!”
O, iddia edib ki, bu gün ölkənin təhsil sistemində ümumtəhsil siyasətini formalaşdıran əsas şöbənin rəhbəri şərabçılıq zavodunun funksional işçisidir:
“Biz illərdir bunu bilirik və danışırıq. Ona görə də təhsildə ağır nəticələr özünü göstərməlidir və göstərir də. Həmin sinəsində 8 guşəli ulduz və digər lazımsız emblemlər olanlar sabah təhsil naziri, təhsil müəssisəsində şöbə müdiri olacaqlar. Ona görə ki əvvəllər bu vəziyyətdə olanlar hazırda təhsil sistemində aparıcı vəzifə tuturlar. Nəticə etibarilə, təhsil sistemində tərbiyəni tamamilə darmadağın etdilər. Onların dövründə yetişmiş şagirdlər heç yerdə iş tapa bilməsələr də, təhsil sistemində işləyəcəklər. Ona görə də mən burada müəllim və valideyndə heç bir günah görmürəm”.
Nurlan Cəfəri