Fevralın 9-na təyin olunmuş növbədənkənar parlament seçkilərinin ilkin mərhələsi artıq yekunlaşıb.
Yanvarın 16-da isə adları seçki bülletenlerinə salınacaq namizədlərin tam sırası bəlli olacaq. Ola bilsin, növbəti günlərdə Mərkəzi Seçki Komissiyasına (MSK) və ya məhkəməyə edilmiş şikayət nəticəsində daha bir neçə nəfərin namizədliyi qeydə alınsın. Hələlik onların sayı 1047 nəfərdir. Yəni bu günə olan statistikaya əsasən, hər seçki dairəsinə orta hesabla 12 namizəd düşür.
9 fevral seçkilərində mübarizənin əsas tərəfləri olan siyasi partiyaların fəallığını yüksək adlandırmaq imkan xaricindədir. Məlumata görə, Azərbaycanda rəsmi qeydiyyatı olan 55 partiyadan sadəcə, 21-i seçkidə iştirak edir.
Onların da mütləq əksəriyyəti seçkilərə cəmi bir neçə namizədlə qatılıb. İrəli sürdüyü namizədlərin qeydə alınması statistikasında hakim Yeni Azərbaycan Partiyası (YAP) yüzfaizli nəticə göstərib. YAP-ın 123 namizədinin hamısı artıq qeydə alınıb.
Göründüyü qədər, siyasi partiyalar arasında qeydə alınmış namizədlərinin sayı 60-ı keçən yeganə siyasi təşkilat yenə də YAP olacaq. Bu isə o deməkdir ki, dövlət tərəfindən maliyyələşdirilən televiziya və radiolarda, o cümlədən, çap media orqanlarında ödənişsiz əsaslarla təbliğat imkanı yalnız YAP-da olacaq. Başqa sözlə, cəmiyyət 9 fevral seçkilərində də siyasi partiyaların debatını izləyə bilməyəcək.
Erkən parlament seçkilərinin ümumi mənzərəsi hələ ki bundan ibarətdir. Seçkilərin təşviqat kampaniyası ərəfəsində nəzər yetiriləsi əsas məqam “seçki marafonu”na kimlərin və hansı məqsədlə qatılmalarıdır. Sözsüz ki, burada diqqət Milli Məclisin buraxılmış tərkibinə daxil olan deputatların böyük əksəriyyətinin yenidən seçkilərə qatılmasıdır.
Milli Məclisin mövcud tərkibinin yarıtmazlığına dair iradlarla razılaşaraq, parlamentin buraxılmasına səs vermiş deputatların hansı məntiqlə növbəti dəfə namizəd olmaları başqa söhbətin mövzusudur və indiki reallığı dəyişmir.
YAP-ın böyük maraqla gözlənilən və nəhayət, erkən seçkilərin təyin olunmasından 3 həftə sonra açıqlanan namizədlər siyahısında parlamentin buraxılmış tərkibinə daxil olan 45 deputatın adı var. Bu amil həmin şəxslərin yenidən parlamentə düşəcəyinə qəti əminlik yaradır.
Eyni zamanda, Milli Məclisin bitərəflər korpusuna mənsub deputatların da bir çoxunun seçkilərə qatılması onların təkrar mandat qazanmaq məsələsini “həll olunmuş iş” hesab etdiklərini təsdiqləyir.
Seçkilərin bu mərhələsində ümumi gedişatı qiymətləndirmək lazım gələrsə, seçki prosesinin çox sönük getdiyi etiraf olunmalıdır. Bu passivlik o dərəcədə güclüdür ki, yanvarın 17-də başlayacaq təşviqat kampaniyası dövründə də vəziyyətin dəyişəcəyi inandırıcı görünmür. Bununla belə, bir neçə dairədə olduqca gərgin mübarizənin gedəcəyi şübhə doğurmur. Seçkilərə də məhz həmin dairələrdə müşahidə ediləcək real rəqabətin fon verəcəyi gözlənilir.
“Yeni Çağ” Analitik Qrupu
www.yenicag.az