Stolüstü tennis turnirinin qalibləri mükafatlandırılıb
“Şüa” idman-sağlamlıq kompleksində Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə Təhsil Nazirliyinin əməkdaşları arasında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş stolüstü tennis üzrə turnir başa çatıb.
Bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov dövlətimizin başçısının idmanın inkişafına böyük diqqət göstərdiyini, ölkəmizin bir çox mötəbər tədbirlərə ev sahibliyi etdiyini bildirib.
F.Məmmədov 2015-ci ilin yayında Bakıda keçiriləcək “Bakı-2015” ilk Avropa Oyunlarının proqramına salınmış stolüstü tennis yarışlarına hazırlıq çərçivəsində fevralın 6-8-də “Avropa Stolüstü Tennis TOP-16” Kuboku turniri barədə iştirakçılara məlumat verib. Bildirilib ki, bu yarışlarda Avropanın ən güclü 16 kişi və 16 qadın tennisçisi, o cümlədən Azərbaycanın bir kişi və bir qadın idmançısı iştirak edəcək.
Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, stolüstü tennis üzrə turnirin təşkilinin məqsədi işçilərin fiziki hazırlığının möhkəmləndirilməsi və əməkdaşlar arasında işdənkənar münasibətlərin gücləndirilməsidir.
Sonda yarışın qaliblərinə diplom və hədiyyələr təqdim edilib. Otuzadək əməkdaşın iştirak etdiyi tədbir şəxsi formatda və beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilib.
(azertag.az)