!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülhməramlılar vaxtı gəldikdə ikitərəfli müqavilə əsasında Azərbaycanı tərk edəcək - Politoloqdan AÇIQLAMA

!Reklam – Yazi

Rusiya sülhməramlılarının Azərbaycan ərazisində qalması müddəti 5 il nəzərdə tutulub və vaxtı gələndə tərəflər üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirəcəklər. Bu məsələ hər hansı rusiyalı siyasətçinin və yaxud da rəsmi şəxsin fikri ilə deyil, 10 noyabr bəyannaməsi ilə həllini tapacaq. Yəni, Zatulinin və ya başqa bir siyasətçinin fikri burada önəm daşımır.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli deyib.

Analitik Rusiya Dövlət Dumasında MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulinin Qarabağdakı Rusiya sülhməramlıları ilə bağlı səsləndirdiyi fikirləri təhlil edib.
Onun fikrincə, Zatulinin son açıqlaması çox böyük rezonansa səbəb ola bilər.

“Çünki bu açıqlama daha çox provokasiya xarakterli açıqlamadır. Əlbəttə ki, onun sözləri Rusiya ilə Azərbaycan arasında olan isti münasibətlərin korlanması, habelə müttəfiqlik zirvəsinə qalxmış münasibətlərə xələl gətirmək məqsədi daşıyır. Bu gün Rusiya sülhməramlılarının Azərbaycanda olması müvəqqəti xarakter daşıyır ki, biz 10 noyabr üçtərəfli bəyannaməsindən də bunun şahidi oluruq. Bəyanat sübut edir ki, sülhməramlıların Azərbaycan ərazisində 5 il ərzində qalma mandatı var”, – deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra sülhməramlıların 5 ildən artıq ərazilərimizdə qalmasına ehtiyac yoxdur.
“Bu baxımdan, Zatulin haqlıdır və vaxtı gələndə tərəflər üzərlərinə düşən öhdəlikləri yerinə yetirəcəklər. Həmçinin biz sülhməramlıların Azərbaycan ərazilərində qalmasında mənfi çalar axtarmamalıyıq, çünki Rusiya Azərbaycanın müttəfiqidir. Ona görə ki, müttəfiqlik bəyannaməsinə imza atan hər 2 ölkə bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşır və əgər üçüncü qüvvələr tərəfindən təhdid yaranarsa, müttəfiqlər öz öhdəliklərinə uyğun olaraq bir-birilərinə müdafiə etməlidirlər”, – S.Kərimli əlavə edib.

Siyasi təhlilçi xatırladıb ki, son dövrlərdə Rusiya sülhməramlılarının Azərbaycanda qalması məsələsini gündəmə gətirən bəzi dairələr mövcuddur:

“Rəsmi şəkildə də bəyan olunmuşdu ki, sülhməramlılar minatəmizləmə prosesində böyük töhfələr verə bilərlər. Çünki işğal dövründə Azərbaycan ərazilərinə 1 milyondan artıq mina basdırılıb. Minatəmizləmə prosesi isə ağır, uzun sürən və böyük vəsait tələb edən bir prosesdir. Rusiya sülhməramlıları da bu istiqamətdə töhfələr verə bilər.

Qeyd etmək lazımdır ki, əvvəllər ermənipərəst siyasət yürüdən Zatulin bu gün Azərbaycan və Rusiyanın xeyrinə olan bir bəyanat səsləndirir. Əlbəttə ki, bu məsələ yaxın vaxtlarda öz həllini tapacaq və Zatulin kimi siyasətçilərin bu istiqamətdə fikir yürütməsi Bakı və Moskva arasındakı əlaqələrdə korrektlərin edilməsinə vadar etməyəcəkdir”.

Xatırladaq ki, K. Zatulin açıqlamasında bəyan edib ki, ermənilərin Qarabağı tərk etməsindən sonra Rusiya sülhməramlılarının həmin bölgədə olması üçün daha az səbəb var.

Rafi Müslümov

COP29

www.yenicag.az

372
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv