“Formula-1” yarışlarının yeddiqat çempionu Mixael Şumaxer Fransanın Qrenobl şəhərindəki xəstəxananın xüsusi reabilitasiya şöbəsinə köçürülüb.
Bu barədə “R-Sport” Almaniyanın “Bunte” nəşrinə istinadən xəbər verir.
Ötən həftə Almaniyanın Allensbax səhərindəki Reabilitasiya klinikası M.Şumaxerin orada olması barədə informasiyanı təkzib edib. DPA agentliyi isə xəbər verir ki, əfsanəvi pilot hələ də Qrenobldadır.
“Bunte”nin məlumatına görə, M.Şumaxerin sağalma şansının çox az olmasına baxmayaraq, sabiq idmançını reabilitasiya prosedurlarına hazırlayırlar. Nəşr yazır ki, o, nevrologiya şöbəsindən çıxarılaraq reabilitasiya üzrə ixtisaslaşmış digər şöbəyə keçirilib.
Klinikadakı mənbə bildirib ki, M.Şumaxerin müalicəsində növbəti mərhələ xüsusi reabilitasiya klinikasına keçidə hazırlıqdır.
Xatırladaq ki, ötən il dekabrın 29-da Fransanın Meribel kurort şəhərində xizəklə sürüşən məşhur alman pilot yıxılaraq ağır kəllə beyin travması almışdı.