!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sürətlə azalan İŞGÜZAR FƏALLIQ: “Aztəminatlı əhali virusdan çox, ehtiyacdan əziyyət çəkir” – Qubad İbadoğlu

!Reklam – Yazi

“İyunun 15-dək Rusiyadan 120 min miqrantın vətənə qayıtması da əmək bazarında əlavə gərginlik mənbəyinə çevriləcək”.

Yenicag.az xəbər verir ki, bunu ölkə iqtisadiyyatında işgüzar fəallıqla bağlı mövcud vəziyyəti dəyərləndirən iqtisadçı Qubad İbadoğlu deyib.

İqtisadçının sözlərinə görə, mövcud iqtisadi durumda nəticəsində əhali sürətlə yoxsullaşır və işsizlik kütləviləşir:

“Bir il üç aydır ki, Azərbaycan iqtisadiyyatında tənəzzül müşahidə olunur. Ötən ili 4,3 faiz enişlə başa vuran milli iqtisadiyyatda bu ilin birinci rübündə də 1,3 faiz kiçilmə var.

ÜDM-in komponentləri üzrə təhlil göstərir ki, cari ildə qeydə alınan iqtisadi böhran əvvəlki ildəkindən daha çətin dəf olunandır. Belə ki, iqtisadiyyatda əsas kapitala yönəldilmiş vəsaitlər ötən ilin eyni dövrünə nisbətən bu ilin 1-ci rübündə 19,6 faiz, kredit qoyuluşları 6,9 faiz azalıb.

Halbuki əvvəlki illə müqayisədə ötən il 1-ci göstərici 8,3 faiz, ikinci göstərici isə 2,9 faiz aşağı düşmüşdü. Bu, o deməkdir ki, iqtisadiyyatda işgüzar fəallıq aşağıdır, hətta banklar mövcud likvid vəsaitlərini yerləşdirə bilmirlər.

2021-ci ilin yanvar-fevral ayları 2020-ci ilin yanvar-fevral aylarına nisbətən orta aylıq əmək haqqı 2,8 faiz azalıb. Halbuki ötən ilin ilk iki ayında ondan əvvəlki ilə nisbətən orta aylıq nominal əməkhaqqı 27,8 faiz artmışdı.

Cari ilin yanvar ayından etibarən, bir çox müəssisələr real olaraq maaşları ödəmir. Rəsmi inflyasiya səviyyəsi 3,9 faiz qiymət bahalaşmasını göstərir. Dövlət Statistika Komitəsi məlumat verir ki, 2021-ci il aprelin 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5260,7 min nəfər olub, onlardan 4890,4 min nəfərini məşğul əhali təşkil edib.

Bu, o deməkdir ki, əmək qabliyyətli əhalinin 370 min 300 nəfəri və ya 7 faizindən çoxu işsizdir. Hətta rəsmi rəqəmlər də işsizlərin artdığını etiraf edir. Halbuki, gerçək işsizlik səviyyəsi bundan ən azı 3 dəfə çoxdur. İş yerlərinin ixtsarları sürətlə artır. Bundan əlavə, Rusiyadan iyunun 15-dək 120 min miqrantın vətənə qayıtması da əmək bazarında əlavə gərginlik mənbəyinə çevriləcək”.

Qubad İbadoğlu vurğulayıb ki, hazırkı acınacaqlı vəziyyət nəzərə alınaraq işsizlərin sosial müdafiəsi istiqamətində zəruri addımların atılmaması əsas problemlərdəndir:

“Dövlət Məşğulluq Xidmətlərində nə qədər işsizin qeydiyyata durduğu və onların hansı hissəsinin işsizliyə görə müavinət alması barədə məlumatlar ötən ilin aprelin 1-dən indiyə qədər açıqlanmır. Sanki bu məlumatlar dövlət sirridir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 90 minə qədər pensiyaçının təqaüdünü, 17 mindən çox əlilin müavinətini saxta çıxarıb. Buna görə gerçək əlillərə əmək pensiyasının verilməsi dayandırılıb, pensiyaların yenidən təyinatı üçün uzun və keçilməz prosedurlar müəyyənləşdirilib.

Aylarla davam edən zaman ərzində gerçək əlillər üçün də pensiya kəsilib. Birinci rübün nəticələrinə dair sosial-iqtsiadi müzakirə keçirilməli, bu məsələlərə aydınlıq gətirilməlidir”.

Gülşən Şərif

www.yenicag.az

508
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv