“Suriyada artıq yeni siyasi və diplomatik reallıq mövcuddur”.
Yenicag.az xəbər veirr ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, həmçinin regional və beynəlxalq aktorları Suriyanın ərazi bütövlüyü və milli birliyinə dəstək verməyə çağırıb: “Təbii ki, Türkiyənin 910 km uzunluqda sərhədi olan bir ölkədə baş verənlərə göz yumması mümkün deyil. Heç bir ölkənin çınqıl daşlarında belə gözümüz yoxdur. Arzumuz budur ki, qonşumuz Suriya 13 ildir həsrətində olduğu sülhü, əmin-amanlığı tapsın. Hatayın rifahını düşündüyümüz kimi, Həma, Homs, Dəməşq və Rakkanın da təhlükəsiz olmasını istəyirik.
Aramızda sərhədlər ola bilər, amma bu coğrafiyada taleyimiz, kədərimiz ortaqdır. Biz əsrlər boyu birlik və sülh tərəfdarı olmağa davam edəcəyik.
İndi Suriyada yeni siyasi və diplomatik reallıq yaranıb. Suriya bütün etnik, məzhəb və dini ünsürləri ilə suriyalılara məxsusdur. Ölkələrinin gələcəyini məhz suriyalılar həll edəcək.
Bilmənizi istərdim ki, Türkiyə olaraq milli maraqlarımızı təhlükəyə atacaq heç bir hərəkətə icazə verməyəcəyik. Son 13 ildə baş verən hadisələr göstərməlidir ki, siz qan tökməklə, insan öldürməklə, dinc əhalinin üzərinə bomba atmaqla heç nəyə nail ola bilməzsiniz. Suriya torpaqları müharibəyə doyub. Qan və göz yaşı eşidib.
Dəməşq rejimi Türkiyənin uzadılmış əlinin dəyərini dərk edə bilmədi. Türkiyə dünən olduğu kimi bu gün də tarixin sağ tərəfindədir. Biz heç kimin kənarda qalmadığı və əzilmədiyi, fərqli kimliklərin yan-yana sülh içində yaşadığı bir Suriya görmək istəyirik”.
www.yenicag.az