“Dəqiq xatırlayıram, uzun illər öncə taksilərin məhz sarı rəngdə olmasının elmi əsası ilə bağlı oturuşmuş tədqiqatlar vardı. Yəni hansı rəngin daha tez gözə çarpması ilə bağlı araşdırmalar, sorğular və tədqiqatlar aparılaraq sarı rəngə üstünlük verilmişdi. Ona görə də dünyanın çox yerində taksilər sarıydı”.
Yenicag.az xəbər verir ki, bu barədə İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb.
O, taksilərin ağ və qırmızı olması ilə bağlı yeni tələbə dair sual ünvanlayıb:
“Kimsə deyə bilər ki, əvvəllər taksilər küçədə göz müşahidəsi ilə axtarılırdı, ona görə ilk gözə çarpan rəngə-sarıya üstünlük verilirdi. İndi isə əksəriyyət taksini telefonda arayır. Belə olan halda isə sual yaranır ki, rəngə limit qoymağın mənası, elmi əsası görəsən nədir? AYNA bununla bağlı universitetlərlə, elmi tədqiqat instituları ilə birgə bir araşdırma aparıbmı? Xatırlayıram ki AzTU ölkə üzrə mobilliklə bağlı böyük bir tədqiqat aparmışdı . AYNA bu tip tədqiqatların nəticələrindən istifadə edibmi? Hələlik bu haqda heç bir rəsmi açıqlama yoxdur”.
“Taksi islahatları” ilə bağlı diqqətimi cəlb edən digər bir məsələ taksidə salonun video çəkilişini aparan kameranın olması və bu datanın 1 ay ərzində saxlamaq imkanının olmasıdır. Belə çıxır ki, adi taksi sürücülərində vətəndaşlarlarla, ictimai-siyasi xadimlərlə, məmurlarla, ailələrlə bağlı xeyli ictimai əhəmiyyət kəsb edən video məlumatlar da olacaq. Yəni taksilərdəki video registratorda xeyli qiymətli informasiyalar, nəhəng data toplanacaq. Taksi sürücüləri bundan sui-istifadə edəcəklərmi? Sabah bu videoların “TikTok”a sızmayacağına təminat varmı? AYNA bununla bağlı nə düşünür? Bu informasiyaların 3-cü tərəflərə verilməsinin məsuliyyəti taksi sürücülərinə izah olunmalı, onlara təlimlər keçirilməlidir. Görüləcək işlər çoxdur” – O.Gündüz əlavə edib.
www.yenicag.az