“Pulu xərcləyəndə rahat olursansa, peşman deyilsənsə, deyirsənsə ki, xərclədim, yenə də yerinə gələcək”.
Bu fikirləri pulun həqiqətən, “əl çirki” olub-olmamasına münasibət bildirən tanınmış aktyor və aparıcı Şəhriyar Əbilov Yenicag.az-a açıqlamasında deyib.
Sənətçi xərclənən pulun geri qaytarılmasının fəlsəfəsini də açıb:
“Hazırda “Düşən pullar” layihəsində əlim pulla oynayır. Camaata pul verirəm – 100 min manat. Layihəm sırf pulla bağlıdır. Tanınmışlar verilişə gəlir ki, bu pulları qazansın.
Azərbaycanda yeganə adamam ki, camaata 100 min manat pul verirəm. Amma bir şərtlə – 8 suala cavab verib, 8 mərhələdən keçsələr. “Pul əl çirkidir” deyəndə, bir fəlsəfi mənanı dərk edirəm.
Əslində, dahi insanların sözlərinə görə, pul çaya bənzəyir. Pul axıb gedirsə, bir gün o çay yenidən o pulları sənə qaytarır. Pul hər şey deyil, amma çox şeydir. Ona görə də, pulu xərcləyəndə heyfslənməməlisən, əliaçıq olmalısan.
Düşünsən ki, ay, bu qədər xərclədim, niyə xərclədim, onda pul geri qayıtmır. Elə bil, sən ruzini özünlə aparırsan. Amma pulu xərcləyəndə rahat olursansa, peşman deyilsənsə, deyirsənsə ki, xərclədim, yenə də yerinə gələcək. Həqiqətən, görürsən, pul yenidən sənə qayıdır. Pulu düşünüb xərcləmək lazımdır. Hər şeydə pul görmək lazım deyil”.
O, “ən çox nəyə pul xərcləyirsiniz” sualını da cavablandırıb:
“Ən çox geyimə, istirahətə, səfərlərə pul xərcləyirəm, özü də çəkinmədən. Hazırda evimin təmirinə pul xərcləyirəm. Yəni xərcləyirəm, heç vaxt da demirəm, niyə bu qədər pulum çıxdı. Əlin “çirk”ini yumaq lazım deyil, o, bərəkətdir”.
Cəvahir
www.yenicag.az