Bu gün ölkəmizdə Milli Musiqi Günü qeyd olunur.
Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Nailə Mirməmmədli Yenicag.az-a açıqlama verərək, musiqimizdə mövcud olan problemlərdən danışıb:
“Sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günüdür. 1995-ci ildən bu günə qədər ulu öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın doğum günü Milli Musiqi Günü kimi qeyd olunur. Çox istərdim ki, Azərbaycan milli musiqiləri yalnız bir gün deyil, ilboyu telekanallarımzda səsləndirilsin, təbliğ olunsun. Təəssüflər olsun ki, yad təsirlərə məruz qalan musiqilər daha geniş yayılıb. Bəzi müğənnilər elə bilir ki, elə musiqilərə müraciət etsələr daha tez populyarlaşarlar. Xüsusən də sosial şəbəkələrdə belə musiqilər daha çox yayılır. Sosial şəbəkələrin də televiziyalara təsiri böyükdür. Telekanallarda müğənninin mahnısına gələn baxış sayı ilə maraqlanırlar. Hansı ki, bu, göstərici sayılmamalıdır. Bu gün müəyyən təbəqəyə məxsus insanlar arasında sorğu keçirilsə, inanmıram ki, o mahnıları bəyənənlərin sayı çox olsun. İstərdim ki, özəl telekanallarda xüsusi layihələr olsun və özfəaliyyətlə məşğul olan musiqiçilər orda təmsil olunsun. Əsil bəstəkar musiqilərinə daha çox yer verilsin”.
Cəvahir
www.yenicag.az