!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış yazıçı: “On səkkiz yaşımı daha çox sevmişəm” - MÜSAHİBƏ

!Reklam – Yazi

Tanınmış nasir, publisist, tərcüməçi Nəriman Əbdülrəhmanlının doğum günüdür. O, 61 yaşı ilə vidalaşır.

Səbəbkarın Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Doğum günündə hansı əhval-ruhiyyədəsiniz?

– Adi iş əhval-ruhiyyəsindəyəm. Beş ildən bəri çalışdığım Azərbaycan Dövlət Tərcümə Mərkəzində həmişəki işimi görürəm: redaktə eləyirəm, tərcümələrə əl gəzdirirəm. Arada fürsət olanda dost-tanışların təbriklərinə cavab verirəm. Düzü heç gözləməzdim ki, bu qədər insanın diqqət hədəfinə çevriləcəyəm. Hər halda bu gözəl hissdi. Hamıya təşəkkürümü bildirirəm.

– Hansı yaşınızı daha çox sevmisiniz?

– On səkkiz yaşımı daha çox sevmişəm. Onda uzaq Qaraçöpdən gəlib Bakı Dövlət Universitetinə qəbul olunmuşdum, uzun və maraqlı bir yolun başlanğıcındaydım, az qala, dünyanı kəşf eləmək istəyirdim. Yəni özümü uzaq, ağır səfərə çıxmış adam kimi hiss eləyirdim. Sonra yavaş-yavaş yaşla bağlı o hisslər ağırlaşdı, daha təmkinli oldu. Qırx yaşından sonra bir qədər kədər də hopdu. Təbii ki, 60-ı ötəndən sonra o kədər daha da qatılaşır. Ola bilsin, bu, görmək istədiyim, amma macal tapa bilmədiyim işlərin çoxluğundandı.

– Rəqəmlərin sizin üçün önəmi varmı? Tutalım yaş 25, 55, ya 61 olsun?

– Gündəlik həyatda, əlbəttə, rəqəmə o qədər də fikir vermirəm, çünki maddiyyatı ifadə eləyir. Yaşla bağlı isə şübhəsiz, fərqi var. Tutaq ki, 25-lə 61 arasında dərin uçurum, daha doğrusu, bir igidin ömrü qədər zaman var. Hərdən indiki həyat təcrübəmlə 25, lap elə 40 yaşında olmaq kimi fantastik arzulara da qapılıram.

– Ömrünüzü rənglərlə müqayisə etsək, hansı rənglər üstünlük təşkil edib?

– Məncə, ömrümün boz və yaşıl rəngləri daha çox olub. Boz rəng qismətimə düşən ağrıların rəngidi, o ağrıları yaşamalı olmuşam. Yaşıl rəngsə ağ kağızla üzbəüz qaldığım, yaşantılarımı kağıza köçürdüyüm məqamlarda olub.

– İçiniz hansı rəngdədi?

– Elə bilirəm ki, içim yaşıl rəngdədi, çünki hələ dünyanı, insanları, gözəllikləri sevməyi bacarıram.

– Özünüzü daxilən dəyişmək istəsəydiz, sevə-sevə hansı xasiyyətinizlə vidalaşardız?

– Məncə, özümü dəyişmək fürsəti yaransaydı… Yox, bunu demək istəmirəm. Qoy məni tanıyanların da, oxucuların da yadında eynilə qalım. Çünki onsuz da özümü tanıyandan öz-özümlə çarpışmadayam. Nəyi dəyişə bilmişəmsə, dəyişmişəm. Bundan artığına nə gücüm, nə də vaxtım var.

– İçinizdəki hönkürtünü qəh-qəhə ilə boğmağa çalışmısız heç?

– Dəfələrlə. Əlim hər yerdən üzüləndə taleyin üzünə gülməyi bacarmışam. Məncə, bu artıq dünyayla barışmaqdı….

– Allahdan ən böyük mükafatınızı almısız, ya hələ gözləyirsiz?

– Allahdan ən böyük mükafatımı məncə, almışam: çox şeyləri əsirgəsə də, mənə YAZMAQ XOŞBƏXTLİYİ nəsib eləyib. Elə bilirəm, qismətimə bu düşməsəydi, həyatım çox mənasız keçərdi. Bəlkə də maddi mənada daha yaxşı yaşayardım, amma həyatım çox darıxdırıcı olardı.

Cəvahir

COP29

www.yenicag.az

3145
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv