Tanınmış yazıçıdan İRAD: “Təkcə geyimləri yox, danışıqları da açıq-saçıqdır”
“Son zamanlar bizim adamların, xüsusən də qızların, qadınların təkcə geyimlərində deyil, mən deyərdim ki, danışıq ritorikasında, hərəkətlərində də açıq-saçıqlıq xüsusilə nəzərə çarpır”.
Bunu tanınmış yazıçı və dramaturq Firuz Mustafa Yenicag.az-a açıqlamasında deyib.
Yazıçı müasirlik adı altında təbliğ olunan açıq-saçıqlığı tənqid edib:
“Son zamanlar bizim adamların, xüsusən də qızların, qadınların təkcə geyimlərində deyil, mən deyərdim ki, danışıq ritorikasında, hərəkətlərində də açıq-saçıqlıq xüsusilə nəzərə çarpır. Vaxtilə mənim “Buz üstə yazılmış sətirlər” adlı kitabım çap olunub. Orada belə bir ifadə yazmışdım: adamların təkcə əyninə deyil, eyni zamanda onların sözlərinə, danışıq tərzinə də bir paltar biçilməlidir. Yəni hər şeyin bir əndazəsi var. Təəssüf ki, bizdə həmin geyim-keçimi, həmin ritorikanı, hərəkətləri efirlərə, ekranlara da daşıyırlar. Ən qorxulusu da budur. Əlbəttə, bütün bunların hamısı cəmiyyətin inkişafına yox, tənəzzülünə işarədir. Bir yazıçı, sosioloq, filosof olaraq bunların heç birini qəbul etmirəm. Mənə elə gəlir ki, efir və ekranların təbliğatı belə açıq-saçıqlığın təbliğinə yox, antitəbliğinə həsr olunmalıdır. Bu cür danışıq tərzi, bu cür geyim tərzi ifşa olunmalıdır”.
Cəvahir