“Ayıb olsun ona. Mən başqa söz tapa bilmirəm…”
Bunu Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadənin onun barəsində söylədiyi “Bu gün Məsumə Babayevaya ehtiyac olsaydı o səhnədə olardı” fikrinə cavab olaraq tanınmış aktrisa Məsumə Babayeva Yenicag.az-a açıqlamasında deyib.
Tamaşalara çağırılmayan, qonorar ödənilməyən və 321 manat əmək pensiyası ilə dolanan aktrisaya qarşı belə laqeyd münasibət qarşı tərəfi sarsıdıb.
Aktrisa bu sözlərdən sonra səhhətinin daha da kəskinləşdiyini bildirib:
“Mən sizin saytınıza vəziyyətimlə bağlı danışmışam, kömək istəmişəm. İllərini, canını səhnəyə həsr edən bir aktrisa kimi haqqımı istəmişəm, amma teatrın direktoru bu haqqı mənə çox görür. Deyir yaşlı aktrisadır, ona səhnədə ehtiyac yoxdur, təqaüdə çıxıb, otursun evində. Belə çıxır ki, mən evimdə gözləyə-gözləyə ölməliyəm. Necə olur, dünya səhnələrində yaşlı sənətkarlar üçün xüsusi ssenarilər, əsərlər yazılır, onlara səhnənin yuxarı başında yer verirlər, rol həvalə edirlər, amma bizdə aktyor, aktrisa bir az yaşlanan kimi teatrdan uzaqlaşdırılır. Mərhum aktrisa Amaliya Pənahovanı özlərinə örnək götürsünlər. Amaliya xanım Bakı Bələdiyyə Teatrını yaradıb “Azdrama”nın bütün yaşlı sənətkarlarını ora yığmışdı. Amma teatardan xəbəri olmayan kimlərsə sənətkara belə hörmətsizlik edir. Direktorun bu sözlərini oxuyandan bəri özümə gələ bilmirəm. Səhhətim pisləşib, ürəyim döyünür, təzyiqim yüksəlib. Göz yaşıma hakim ola bilmirəm. Mən lazımsız əşyayam? Ömrümü teatra vermişəm, səhnədə can qoymuşam. Heç əməyimin qiymətini də almamışam. Budur sənətkara verilən dəyər, ayıb olsun!”
Qeyd edək ki, Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə “Bu gün Məsumə Babayevaya ehtiyac olsaydı o səhnədə olardı” fikrini Moderator.az-a müsahibəsi zamanı söyləyib.
Cəvahir
www.yenicag.az