Təbiətin normadan artıq günahı və yaxud səhv düşəndə yerimiz – Səxavət Məmməd yazır
Bir təbiət hadisəsi illərdir camaatın dediyi, jurnalistlərin yazdığı hər şeyi çılpaqlığı ilə ortaya qoydu. Şəhərdə yollar iflic oldu, bəzi kəndlər su altında qaldı, ölən insanlar oldu.
Təbii ki, heç kim məsuliyyəti öz üzərinə götürməyəcək. Günahkar məlumdur – təbiət. Normadan artıq yağış, normadan artıq külək, normadan artıq olan hər şey zərər verir. Bütün dünya qlobal iqlim dəyişikliyindən danışır, hətta ölkəndə COP29 tədbiri keçirilir, ancaq Azərbaycandakı məmurlar normal yağış, normal külək, normal sel gözləyir.
Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə əvvəlcədən yağış, leysan, daşqın, sel, külək və ildırımla bağlı xəbərdarlıq edir. Əhaliyə edilən xəbərdarlığın qurumlarla heç aidiyyəti yoxdur? Türkiyəyə baxırsan, orada edilən xəbərdarlıqdan dərhal sonra Təhsil Nazirliyi tətil elan edir, digər qurumlar da həmçinin… Azərbaycanda isə bu cür xəbərdarlıqların hökmü ancaq əhaliyə keçə bilər. Əhali özü tənzimləməlidir ki, işə getsin, ya yox, məktəbə getsin, ya yox. Tətil məsələsinə elə yanaşırlar ki, sanki mart ayının yarısını tətil edən yadplanetlilər olub.
Ona görə də əminliklə deyə bilərik ki, tək günahkar var, o da əhalidir. Əgər hər şeyi əhali həll edəcəksə, sən nəyə və kimə lazımsan? Sel gəlir pulu təzə yeyilmiş, açılışı təzə edilmiş yolu yuyur, günahkar əhalidir. Sel gəlir yeni istifadəyə verilmiş körpünü aparır, günahkar əhalidir. Sel gəlir təzə salınmış kəndi su altında qoyur, günahkar əhalidir. Bəs bu qurumlar nəyə yarayır? Pul yeməyə, pul silməyə, günahı onun bunun üstünə atmağa?
Bu yaxınlarda maraqlı bir hadisə baş verib. Yeni bir kənd salınıb, kəndin su təchizatı ilə bağlı borular çəkilib, iş bitəndən sonra rayonun müvafiq idarəsini çağırıblar ki, gəlin. təhvil alın. Müvafiq idarə gəlib baxış keçirib və bildirib ki, bunu təhvil götürə bilməzlər, çünki sistem kökündən səhv qurulub. İşi icra edənlər təhvil-təslim etmədən, suyu boruya vurublar və boru partlayıb, görülən işlər də su altında qalıb. Günahkar kimdir, cəzalandırılan kimdir? Yəqin ki, “jek” müdiri. Belə bir təcrübəmiz var axı. “Azadlıq” metrosunun yanında bina yandı, insanlar öldü, “günah keçisi” “jek” müdiri oldu.
Qarabağda kəndlər salınır. Gözəl! Ancaq bəzi kəndlərin tikildiyi yerə baxırsan, deyirsən, evlər burada yox, köhnə yerində tikilməli idi. İndi tikilən yerə el arasında sudöyən deyilir. Cavabında, sən bilmərsən deyirlər. Ay keçir, il dolanır, gəlir su döyür. Deyirsən, qardaş, vallah pisliyin üçün demirdim, nə şirkətim var, tikinti edim, nə pulum var, iş görüm, səni, çəkilən xərci, gələcəkdə yarana biləcək problemi nəzərdə tuturdum. Su necə döyübsə, bu da gözün döyür. Nəyimə lazım?
Azərbaycanda ən çox işlədilən sözlərdən biri də “heç kim yerində deyil” ifadəsidir. Atın qabağına ət, itin qabağına ot qoyulur. Qəribə ölkədə yaşayırıq. Baxırsan, generaldır, bir korpusun komandirliyini edir, tabeçiliyində olanlar və yaxınları deyir ki, onun qədər heyvandarlıqdan başı çıxan az adam olar. Baxırsan, yekə bir qurumun rəhbəridir, tabeçiliyində olanlar və yaxınları deyir ki, onun qədər əkin-biçin işini bacaran az adam tapılar. Baxırsan, böyük bir müəssisənin rəhbəridir, tabeçiliyində olanlar və yaxınları deyir ki, restoran işini ondan yaxşı bacaran yoxdur. Baxırsan, dindən-imandan danışır, tabeçiliyində olanlar və yaxınları deyir ki, onun qədər Allahsız adam yoxdur. Baxırsan, haqdan, düzgünlükdən danışır, ətrafdakıların hamısına reket deyir, tabeçiliyində olanlar və yaxınları deyir ki, onun qədər banditi yoxdur. Kəndə lağ edir, şəhər mədəniyyətindən danışır, baxırsan, içində yekə bir kənd eşşəyi yatır.
Əhalisi və anormal təbiəti olmasa, gül kimi ölkədir.