“İnformasiya dönəmində, xüsusilə də sosial şəbəkələrin, internet resurslarının daha çox istifadə olunduğu vaxtda ən aktual məsələlərdən biri də müxtəlif platformaların təyinatına uyğun olmayan, hüquqa və qanuna zidd məqsədlərlə istifadə edən insanların sayının çoxalmasıdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında hüquqşünas Xəyal Bəşirov deyib.
Onun sözlərinə görə, sosial mediada nalayiq ifadələr işlədən, milli-mənəvi dəyərlərimizə qarşı zidd davranışlar sərgiləyən şəxslərlə bağlı dövlətin hüququ mühafizə orqanları mübarizə aparırlar.
“Təbii ki, bu çox önəmli addımdır. Əvvəllər texnikanın, internetin imkanlarının inkişaf etdiyi dönəmdə belə platformalardan istifadə edərək qanunvericiliyə zidd hərəkətlər sərgiləyənlərlə bağlı məsuliyyətə cəlb etmə məsələsi də müəyyən çətinliklər olub. Lakin indiki dövrdə bununla bağlı dövlətin müvafiq resursları mövcuddur. Bu resurslardan istifadə edərək qeyd olunan məsələlərin qarşısını almaq mümkün olur. Diqqətinizə çatdırım ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ənənəvi formada təhqir, böhtan xarakterli addımları atan şəxslərə münasibətdə məsuliyyət yaradır. Böhtana qarşı 147-ci maddənin sanksiyası ilə həmin o şəxslərə cərimə, ictimai işlərlə paralel olaraq, həm də 6 aya qədər azadlıqdan məhrumiyyət cəzası nəzərdə tutulub. Təhqirlə bağlı olan məsələlər isə Azərbaycan Respublikasının cinayət məcəlləsində 148-ci maddənin mövzusudur. Təbii ki, təhqirə görə qeyd etdiyimiz maddənin sanksiyasında cərimə, ictimai iş, eyni zamanda 1 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub”, – deyə o qeyd edib.
Hüquqşünas təhqir və böhtan xarakterli cinayətləri törətməklə bağlı da qanunvericiliyə yeni bir maddə əlavə edildiyini bildirib:
“Bu maddənin, yəni 148-1-in tələbinə görə sosial şəbəkə hesablarında, profillərdə, eyni zamanda sosial şəbəkələrdə mövcud olan digər imkanlardan istifadə edərək ayrı-ayrı şəxslərə münasibətdə təhqir və böhtan cinayətlərini törədən şəxslərə eyni qaydada cərimə, ictimai iş və 1 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Yəni sosial şəbəkə vasitələrindən istifadə edən şəxslər əvvəllər başa düşürdülər ki, onlar şəxsiyyət eyniləşdirməsinə imkan verməyən vasitələrdən istifadə edərək həmin o addımları atıb, hüquq və qanuna qarşı çıxacaqlar. Lakin bununla bağlı dövlətin müvafiq qurumları lazımı olan tədbirləri görürlər”.
“Saxta profillər açaraq insanları aldadan, təhqir edən şəxsləri tapmaq çox çətin deyil. Onlar dövlət tərəfindən bağlandığı cihazlar vasitəsilə tapılır və məsuliyyətə cəlb olunur. Onun üçün belə şəxsləri bu yollara əl atmamağa və dövlətin qanunvericiliyinə qarşı doğru addımları atmağa səsləyirik”, – o, fikirlərini yekunlaşdırıb.
Mayıl Soltanov
www.yenicag.az