!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tehran Mənsimov Şuşa əməliyyatından danışdı

!Reklam – Yazi

“Şuşaya gedən yol var. Həmin yol açılmadığına görə, orada mürəkkəb, qızğın döyüşlər gedirdi. Düşmən bütün gücünü həmin əraziyə cəlb etmişdi. Minalanmış sahələrdə canlı qüvvə və zaman itkisinə yol verməmək üçün bizə yeni tapşırıq gəldi. Əlavə olaraq, 3 briqada mənim tabeliyimə verildi. Xüsusi təyinatlılara şərait yaratmaq üçün Daşaltı bölgəsini nəzarətə almalı, oradakı düşmən qüvvələrini məhv etməli idik. O vaxta kimi xüsusi təyinatlılar Şuşaya girəcəkdilər. Onlar meşədən keçib Şuşaya girənə qədər döyüşüb düşməni öz üzərimizə çəkməli idik”.

Yenicag.az xəbər verir ki, bunları Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun zabiti, “İgidliyə görə”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilən polkovnik Tehran Mənsimov “Şərq qapısı” qəzetinə müsahibəsində deyib.

T.Mənsimov bildirib ki, həmin gün şəhidlərimizin qanı bahasına hədəfə çatıb və noyabrın 4-də Daşaltını işğaldan azad ediblər: “Sonrakı günlərdə də düşmənin saysız əks-hücumlarını dəf etdik. Bu döyüşlərdə Naxçıvan xüsusi təyinatlılarının şücaətini xüsusi vurğulamaq istəyirəm. Xüsusilə, Anar Əliyev və Nihad Babayevi, böyük qəhrəmanlıq göstərən Renat Şıxnəbiyev, Əli Kərimov və Elnur Şirinovun igidliyi gələcək nəsillərimiz üçün örnəkdir.

Ermənilər deyirdilər ki, biz vururduq, Azərbaycan hərbçiləri yenidən qalxaraq üzərimizə gəlirdi. Həqiqətən də, həmin döyüşlərdə Naxçıvan xüsusi təyinatlıları qeyri-adi iradə, böyük fədakarlıq və qəhrəmanlıq göstərdilər… Noyabrın 6-da artıq xüsusi təyinatlılarımız Şuşa yaxınlığında yaxın təmas döyüşünə keçmişdilər. Döyüşən 4 hərbi hissənin hər birində Naxçıvan xüsusi təyinatlıları var idi. Ayın 7-si artıq Şuşaya şanlı bayrağımızı sancdıq, ilk azan oxundu. Bu hissləri sözlərlə ifadə etmək çox çətindi. Oxunan azan səsi və Dövlət Himnimizi eşidən yaralılarımıza, sanki yenidən həyat verilirdi. Şuşa azad olunandan dərhal sonra ilk ürəyimdən keçən namaz üstdə şəhid olan qəhrəman oğullarımızın ruhuna və igid döyüşçülərimizə dua etmək, Allaha şükranlığımı sevinc göz yaşları ilə çatdırmaq oldu. Düşmən sonra da əks-hücuma keçdi və bu hücumların da qarşısı alındı. İgidlərimiz canları bahasına Şuşanı qoruyub saxladı. Ölkənin müxtəlif yerlərində bu qələbəmizi coşqu ilə qarşılayan xalqımızın sevinci bizə daha böyük ruh yüksəkliyi verirdi”.

Polkovnik vurğulayıb ki, Naxçıvan xüsusi təyinatlılarının Hadrut şəhəri və ətrafında olan yüksəkliklərin, Qarakollu, Edili, Axullu, Düdükçü, Zərgər, Qaraçuğ, Yuxarlı Yağlıvənd, Veysəlli, Meşdağlar, Domi, Tuğ, Çanaqçı, Sığnaq, Qacar, Divanalılar kəndlərinin, eləcə də Daşaltı və Şuşanın azad olunmasında müstəsna xidmətləri olub: “Hətta bir çox strateji yüksəkliklərin ələ keçirilməsində iştirak ediblər. Bu müharibədə oğullarımızın qəhrəmanlıqları ortaya çıxdı. Fiziki göstəricisindən asılı olmayaraq, elə əsgərlər, hərbçilər var idi ki, loru dillə desək, boyundan böyük qəhrəmanlıq, cəsarət göstərirdilər.

Nəinki şəhidlərimiz, bu gün sağ qalan hərbçilərimiz var ki, onlar öz qanları bahasına tarix yazıblar. 44 günlük müharibə dünya hərb tarixində yeni bir döyüş taktikası oldu. Müharibə həm də onu göstərdi ki, xalqımız müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşib”.

COP29

www.yenicag.az

1038
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv