Tehranın təşəkkürünə Bakıdan strateji cavab: İlham Əliyevin real yardım siyasəti regionda etimad xətti qurur

media-hightechnic-468x90

Son günlərdə İlham Əliyev ilə Məsud Pezeşkian arasında baş verən qarşılıqlı təşəkkür mesajları region diplomatiyasında diqqət çəkən yeni siyasi tonun formalaşdığını göstərir. Bu hadisə təkcə humanitar yardımın nəticəsi deyil, dövlətlərarası münasibətlərin hansı prinsip üzərində qurulduğunu nümayiş etdirən siyasi mesajdır.

Azərbaycan Prezidentinin fars dilində paylaşdığı fikir bu münasibətin mahiyyətini açıq şəkildə ifadə etdi:

“İran İslam Respublikasının hörmətli Prezidenti, qardaşım cənab Məsud Pezeşkianın Azərbaycan xalqı və dövlətinin dəstəyinə görə təşəkkürü xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və bundan sonra da həm xoş, həm də çətin günlərdə daim bir yerdə olacaqlar.”

Bu sitat diplomatik nəzakət ifadəsi olmaqdan daha çox, Azərbaycanın xarici siyasət fəlsəfəsinin qısa və aydın izahıdır. Çünki bu siyasətin mərkəzində bir prinsip dayanır: qonşuluq münasibətləri sözlə deyil, əməl ilə ölçülür.

Humanitar yardımın siyasi dili və Pezeşkianın mesajı

Telefon danışığı zamanı Məsud Pezeşkian Azərbaycanın göstərdiyi dəstəyə görə açıq təşəkkür edərək belə bir fikir səsləndirdi:

“Dost və qardaş xalqlar çətin anlarda bir-birini tapır və sivilizasiya kökləri nə qədər dərin olarsa, bu bağ bir o qədər güclü olar.”

Bu ifadə sadəcə minnətdarlıq deyil. Bu, regionda qarşılıqlı etimadın və siyasi realizmin etirafıdır. Çünki dövlətlər arasında münasibətlərin davamlılığı emosional bəyanatlarla yox, çətin günlərdə göstərilən real dəstək ilə ölçülür.

Azərbaycanın İrana göstərdiyi humanitar yardım məhz bu reallığın nümunəsidir. Bu addım regionda sabitlik və əməkdaşlıq mesajı kimi oxunur. Eyni zamanda bu hadisə bir həqiqəti də təsdiqlədi: dövlət siyasəti ilə radikal ritorika eyni şey deyil.

Radikal xətt və dövlət siyasəti: fərqli istiqamətlər

Reallıq ondan ibarətdir ki, İranda uzun illər Azərbaycana qarşı sərt ritorika ilə çıxış edən radikal dairələr mövcud olub. Bu dairələr zaman-zaman ərazi iddiaları səsləndirib, regionda gərginlik yaratmağa çalışıb və ideoloji təzyiq vasitələrindən istifadə edib.

Lakin dövlət səviyyəsində münasibətlər heç vaxt qopmayıb. Əksinə, son dövrdə bu münasibətlər daha praqmatik və daha rasional xətt üzrə inkişaf edir. Xüsusilə Məsud Pezeşkianin hakimiyyətə gəlişindən sonra Bakı–Tehran xəttində dialoq və əməkdaşlıq tonunun gücləndiyi aydın görünür.

Bu prosesin əsas səbəbi sadədir: dövlətlər emosiyalarla yox, maraqlarla hərəkət edir.

Azərbaycanın humanitar siyasəti: selektiv deyil, prinsipial xətt

Burada vacib bir məqam xüsusi vurğulanmalıdır. Azərbaycanın İrana humanitar dəstəyi bir ilk deyil. Bu, artıq formalaşmış və dəfələrlə sınaqdan çıxmış bir dövlət siyasətinin davamıdır.

Azərbaycan yardım siyasətində siyasi düşərgə seçmir. Ehtiyac olan yerdə Azərbaycan var. Bu prinsip son illərdə müxtəlif regionlarda dəfələrlə sübut olunub.

Azərbaycan humanitar böhran şəraitində olan Qəzza zolağı üçün yardım göndərib. Eyni zamanda müharibə şəraitində olan Kiyev şəhərinə dəstək verib. Bu gün isə eyni prinsip Tehran üçün tətbiq olunur.

Bu ardıcıllıq təsadüf deyil. Bu, dövlətin xarakteridir.

Azərbaycanın İrana humanitar dəstəyi bir hadisə deyil – bir siyasətin davamıdır. Bu siyasətin adı selektiv humanizm deyil, dövlət məsuliyyətidir.

Bu gün Azərbaycan həm Qəzzaya, həm Kiyevə, həm də Tehrana eyni prinsip və eyni məsuliyyətlə dəstək verir.

Azərbaycanı İsrailə dəstək verməkdə ittiham edən, siyasi şüarlarla gündəm qurmağa çalışan dünyaya şirin quyruğu altından baxan fitnəkarlar  bir qəpik belə ortaya qoymazkən, Azərbaycan real humanitar missiyalar həyata keçirir.

Sözlə ittiham edənlər çoxdur. Amma çətin gündə əl uzadan dövlətlər azdır.

Azərbaycan isə məhz o az dövlətlərdən biridir.

Aqil Ələsgər

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05