“Ali təhsil müəssisələri isə müəyyən bir dövr ərzində tələbələrə möhlət tanısalar, yaxud tələbələrin təhsil haqlarının ödəməsinə və kreditlərini bağlamalarına imkan yaratsalar, daha yaxşı olar”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında təhsil haqları və yaranan kredit borcuna görə universitetlərdən xaric olunan tələbələr haqda danışan təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.
Onun sözlərinə görə, univeritetlər tələbələrə güzəşt edərsə, onlara dəstək vermiş olarlar.
“Tələbələr təhsil haqqını ödəmədikləri, o cümlədən, təhsil aldığı müddətdə yaranan krediti bağlamadıqları halda, bu haqda tələbəyə məlumat verilir. Tələbə də təhsilini davam etdirə bilmir, öhdəliyində olan təhsil haqqını yaxud da yaranan hər hansı fənnə görə kredit borcunu ödəyə bilmirsə, o zaman ali təhsil müəssisəsi həmin tələbənin universitetdən xaric olunması ilə bağlı qərar qəbul edə bilir”, – deyə o bildirib.
Ekspertin məsləhətinə görə, kəsilən, yaxud təhsil haqqını ödəyə bilməyən tələbələr Təhsil Kredit Fonduna müraciət etsin:
“Səhv etmirəmsə, bu rəqəm 700 nəfərdən çoxdur. Həmin tələbələr fonddan maliyyə yardımı ala bilərlərsə, o zaman təhsillərini davam etdirmə imkanına malik ola bilərlər. Ali təhsil müəssisələri isə müəyyən bir dövr ərzində tələbələrə möhlət tanısa, yaxud tələbələrin təhsil haqlarının ödəməsinə və kreditlərini bağlamalarına imkan yaratsa, daha yaxşı olar. Bununla da onlara dəstək verilmiş olar”.
İsmayıl Bakuvi
www.yenicag.az