“Rafiq Hüseynov etalon idi. Səsi, efir mədəniyyəti, geyim-keçimi, duruşu ilə nümunə idi…”
Bunu Xalq artisti, tanınmış diktor Eldost Bayramlı doğum günü olan mərhum həmkarı Rafiq Hüseynovu yad edərkən Yenicag.az-a açıqlamasında deyib.E.Bayramlı Rafiq Hüseynovun Azərbaycan efir məkanına mehriban ünsiyyət formasını gətirdiyini deyib:
“Onun barəsində keçmiş zaman şəkilçisində danışmaq istəmirəm, çünki səsi bu gün da yaşayır. Rafiq Hüseynov Azərbaycan Televiziyasına sadə, səlis, təmiz danışıq dili, eyni zamanda, müsahiblə mehriban ünsiyyət forması gətirdi. O vaxtlar indiki kimi hər şey asan deyildi. İşə götürülən diktorun əsli-nəcabəti yoxlanılırdı. Kimdir, nəçidir, harada doğulub, sosial vəziyyəti necədir, hansı ailənin övladıdır. Və ilk növbədə, səs yoxlanılırdı. Əsas səs idi və sənin gələcək uğurların məhz onun üzərində qurulurdu. Gözəl səslər çox idi, amma o səsdən düzgün istiafdə etməyi hər adam bacarmır. O gözəl səs sahiblərindən biri də Rafiq Hüseynov idi. Rafiq nümunə, etalon idi. Allah Rafiqə gözəl, ecazkar səs verməklə yanaşı, həm də bir kişi gözəlliyi, boy-buxun, qeyri-adi, yaddaşlarda iz buraxan tembr də vermişdi. Diktora xas olan, eyni zamanda, vacib olan bütün xüsusiyyətlər onda cəmlənmişdi. Raifq həm də bununla fərqlənirdi. Hər kəs ona bənzəməyə çalışırdı.
Rafiqin bütün keçmiş SSRİ-nin radio-televiziya aparıcılarından fərqi bu idi ki, o, rus dilində səlis danışmağı bacarırdı. Bu qabiliyyətinə görə onu dəfələrlə mərkəzi televiziyaya aparıcı kimi dəvət etmişdilər. O zaman bu hər diktora nəsib olmurdu. Amma hər şeyə rəğmən, Rafiq Azərbaycanı qoyub heç yerə getmədi, bu dəvətdən imtina etdi. O öz ardınca efir məkanına Azərbaycan peşəkar diktorluq sənətini sevən davamçılarını gətirdi. Bu gün teleməkanda onun yeri çox görünür. Heyf ki amansız xəstəlik onu aramızdan vaxtsız apardı”.
Cəvahir
www.yenicag.az