Bu gün Azərbaycan televiziyasının yarandığı gündür.
Yenicag.az-a açıqlama verən məşhur diktorlar təəssüratlarını bölüşüb.
Xalq artisti Sabir Ələsgərov gənc həmkarlarına tövsiyələrini də verib:
“Bütün həmkarlarımı təbrik edirəm, onlara can sağlığı arzulayıram. Televiziya həyatımın mənası olub. Bu gün efir üçün çox darıxıram. Gənc həmkarlarıma demək istəyirəm ki, efirdə şitlik etməyin, hoppanıb-düşməyin, avropalaşmayın. Azərbaycan televiziyası xalqın televiziyasıdır, imkan versinlər ki, xalq efirə baxıb nəsə öyrənsin”.
Xalq artisti Ofeliya Sənani bayram sevinci yaşadığını bildirib:
“Bir az ağrıyıram, amma xoşbəxtəm. Çünki televiziya mənim sevgim olub. Gənc həmkarlarıma arzularım var; efirdə sərbəst olsunlar, özlərini süni aparmasınlar, dəvət etdikləri qonaqla mehriban davransınlar. Çünki televiziya həm də ünsiyyət vasitəsidir”.
Tanınmış diktor Tamilla Ələkbərova həmkarlarını təbrik edib və gənc aparıcılara efir mədəniyyətinə daim riayət etmələrini arzulayıb:
“Bütün həmkarlarımı təbrik edirəm. Gənc həmkarlarıma isə deyirəm ki, efir mədəniyyətinə və dil qabiliyyətinə fikir verin. Bu yaralı yerimdir. Özünüzü deyil, sözünüzü göstərməyə çalışın”.
Cəvahir
www.yenicag.az