Qafar Əsgərzadə
əməkdar jurnalist,
pedaqogika üzrə fəlsəfə doktoru
XX əsrin ən böyük yazıçılarından biri olmuş Qabriel Qarsia Markes jurnalistikanı ən yaxşı peşələrdən biri hesab edirdi. Onun bu fikrinə nəinki qoşuluram, hətta hesab edirəm ki, TV və radioda jurnalist kimi çalışmaq daha böyük xoşbəxtlikdir. Hər gün tamaşaçıları məlumatlandırmaq, onlara bəşəri və milli dəyərlər aşılamaq, milyonların üzündə təbəssüm, sevinc yaratmaq, könülləri, qəlbləri oxşamaq hər peşə sahibinə nəsib olmur. Bunu uzun illər Azərbaycan Televiziyası və Radiosu ilə yaxından əməkdaşlıq edən bir şəxs kimi əminliklə söyləyirəm.
Televiziya və Radio tarixinin hər günü bizimçün əzizdir, amma 6 noyabrın və 14 fevralın könlümüzdə özünəməxsus yeri var. Bu iki gün xalqımıza öncə Azərbaycan Radiosunu, sonra isə Azərbaycan Televiziyasını, eləcə də bütöv teleradio ordusunu bəxş edib.
Böyük azərbaycanlı Heydər Əliyevin təbirincə desək, “milli sərvətimizə” çevrilən Azərbaycan Televiziyası və Radiosu olduqca maraqlı, kəşməkeşli yol keçıb, ictimai-siyasi və mədəni həyatımızın inkişafı, maarifçilik ideyalarının yayılması baxımından böyük xidmətlər göstərib.
Mübaliğəyə yol vermədən demək olar ki, çağdaş dünyamızın çoxsaylı çağırısları və təhdidləri fonunda AzTV-nin çoxşaxəli işini iri institutların, beyin mərkəzlərinin fəaliyyəti ilə müqayisə etmək, bir tutmaq olar. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin 2006-ci il kadr dəyişikliyindən sonra özünü daha qabarıq nümayiş etdirir.
Həmin ilin Azərbaycan Televiziyasının tarixində dönüş məqamı olduğunu desək, yanılmarıq. Ölkə prezidentinin bütün tövsiyələrinə əməl edən sədr Arif Alışanov həyata keçirdiyi düzgün və zövqlü proqram siyasətilə AzTV-ni teleməkanın flaqmanına çevirdi. Çox tezliklə diqqətli və həssas seyrçilər AzTV-nin bayağı, ucuz proqramlardan uzaq olduğunun, elmin, mədəniyyətin və incəsənətin carçısına çevrildiyinin, dünyada gedən proseslərin Azərbaycana təsirinin daha düzgün baxış bucağından analiz edildiyinin, bəzi özəl kanalların bu rəqabətə tab gətirmədiyinin fərqinə vardılar.
Təsadüfi deyil ki, bu gün istər siyasətə, istər mədəniyyətə, istərsə də idmana həsr olunmuş ən irimiqyaslı tədbirlər AzTV, eləcə də “Mədəniyyət” və “İdman Azərbaycan” telekanallarında yayımlanır. Cəmiyyətimizin bütün zümrələri – əkinçisi, fəhləsi, ziyalısı, siyasətçisi, alimi, intellektualı, xanəndəsi, estrada müğənnisi… bu efirdən təqdim olunmağı özünə şərəf bilir.
Bu gün ən çox danışılan, müzakirə olunan məsələlərdən biri Azərbaycan ədəbi dili haqqındadır. Dilimiz hər sözündə ozan nəfəsi duyulan böyük Dədə Qorqudun, dağları yarmağa qadir güclü Fərhadın, “mən həqqəm” deyərək dərisi soyulan Nəsiminin, musiqisi ilə dünyanı heyrətləndirən Üzeyirin, poeziyası ilə qəlbləri fəth edən böyük Cavidin və Müşfiqin, Azərbaycan dramını dünya səviyyəsinə qaldıran dahi Cabbarlının, rənglərlə möcüzələr yaradan Səttarın və digər Vətən övladlarının bizə miras qoyduğu milli sərvətimizdir.
Azərbaycan dilinə, sözə, sənətə, milli-mənəvi dəyərlərimizə daim böyük önəm vermiş ulu öndər Heydər Əliyev deyirdi: “Mən bu danışdığımız dili – buna hansı dil deyirsinizsə deyin – çox gözəl dil hesab edirəm. Dilimiz zəngindir, çox ahəngdar dildir, dilimizin söz ehtiyatı çox böyükdür. Qrammatika sahəsində həddən artıq böyük nailiyyətlərimiz var. Şəxsən mən bu dili sevirəm”.
Onun layiqli davamçısı möhtərəm cənab Prezident İlham Əliyev də bu yol böyük uğuqla davam etdirir. Bu baxımdan İlham Əliyevin tapşırığı ilə “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-nin rolu” mövzusunda keçirilmiş konfrans da çox böyük əhəmiyyət kəsb edirdi. Bu bir faktdır ki, əsasən, özəl radio və televiziyalar vasitəsilə efirə kütləvi surətdə yol tapan yerli şivə, dialekt, ləhcə, məişət dili insanların zövqünü korlayır. Axı, əslində, insanlar ədəbi dili hətta ədəbiyyatdan çox mətbuatdan, radio və televiziyadan öyrənirlər.
Ümumiyyətlə, bu sahədə maarifləndirici verilişlərə, aktual söhbətlərə ehtiyac duyulur. Məni həmin mövzularda qane edən də məhz AzTV-də və İctimai televiziyada yer alan maarifləndirici, ədəbi-bədii verilişlərdir. Əminəm ki, digər televiziya və radiolar onlardan örnək götürməlidir.
Həmişə olduğu kimi AzTV bu gün də müasir ədəbi dilimizin qoruyucusu missiyasını yerinə yetirir. Onun rəhbərliyinin veriliş və proqramları təkcə öz aparıcılarına deyil, həm də dilçi alimlərə həvalə etməsi çox yaxşı haldır. Təsadüfi deyil ki, “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-nin rolu” mövzusunda keçirilmiş konfransdaki məruzəçilərdən ikisi – tanınmış akademiklər Kamal Abdulla və Nizami Cəfərov – AzTV-də “Sözün sirri” və “Azərbaycan dili” verilişlərinin aparıcılarıdır. Yeri gəlmişkən, Kamal Abdulla, ədəbi dildə mükəmməl danışan alimlərimizdəndir.
Onu da qeyd edim ki, son dövrdə AzTV və İTV-nin bəzi aparıcıları heç də tanınmış alimlərdən geri qalmırlar. Onlar dəvət etdikləri qonaqlarla az qala mütəxəssis səviyyəsində müsahibələr aparır, hətta bəzi ekspertlərdən daha çox biliyə malik olduqlarını da sübut edirlər. Məsələn, “Həftə”, “Günün nəbzi” proqramlarının aparıcısı Rövşən Məmmədovu efirdən izləmək adama zövq verir. Onun səlis nitqi, təqdim etdiyi mövzuya hakim olması, bir necə dil bilməsi, sadəliyi, təvazökarlığı tamaşaçıni ekran qarşısında saxlayan başlıca amillərdir.
“Xəbərlər”in və Günün nəbzi” proqramlarının aparıcıları Ruslan Həsənov, Tural Orucov, Rüfət Həmzəyev, Aqil Məmmədov və digərlərinin həm də ölkənin və dünyanın müxtəlif guşələrindən maraqlı reportajlar hazırlaması diqqəti cəlb edən məqamlardan biridir. “Xəbərlər”in əmərdaşlarının – Tural Orucov, Ceyhun Vaqifoğlu, Kazım Quliyev və Mehriban Əfəndiyevanın iki dildə veriliş və ya reportaj aparması da tamaşaçıda yalnız və yalnız rəğbət doğurur.
AzTV sədri Arif Alışanovun bir addımı da diqqəti cəlb edir. O, vaxtilə müəyyən səbəblər üzündən AzTV-dən uzaqlaşmış bir çox tanınmış telemütəxəssisləri – Rafiq Hüseynovu, Həqiqət Əsgərzadəni, Nərgiz Cəlilovanı, Rafiq Həşimovu, Dilarə Səlimi, Nadir Axundovu, Eldar Məmmədovu və digərlərini yenidən doğma televiziyaya qaytardı.
Siz hansı kanalda Azərbaycan və rus dillərində mükəmməl danışan Nərgiz Cəlilova kimi aparıcını görə bilərsiniz?! Onun apardığı “Sevilənlər” ən yaxsı verilişlərdən biri hesab olunur. Nərgiz xanım qonaqlarının iç dünyasını açmağı bacarır və hətta çoxdan tanıdığımız adamların indiyədək bələd olmadığımız cəhətlərini üzə çıxarmağa qadirdir. Və yaxud, hansı kanalda İlham Rəhimli kimi sənətşünaslıq doktoru çalışır?! Hansı kanalda format və üslub baxımından tamamilə təzələnmiş “Səadət” kimi qadınlar proqram və onun aparıcısı Dilarə Səlim kimi peşəkar var?!
Bu sözləri İctimai Televiziyanın aparıcıları haqqında da söyləmək olar. İTV-nin “Yeni gün” proqramının aparıcısı Azər Süleymanlı danışıq tərzi, məlumatlılığı, kübarlığı, gülər üzü, nikbinliyi, coşqusu səhər çağı tamaşaçını ekrana necə kilidləməsin?! Bu sözlər onun həmkarı Aynur Fətullayevaya da aiddir. Onu da qeyd edim ki, “Yeni gün” proqramı teleməkanın ən populyar verilişlərindən birinə çevrilib. Bu, AzTV-nin yetirməsi Rəşad Mehdilinin İTV-nin səhər proqramları departamentinə direktor təyin olunmasından sonra xüsusilə qabarıq şəkildə gözə çarpır. Belə peşəkar gənc kadrın yetışdirilməsi, heç şübhəsiz, AzTV məktəbinin uğuru, AzTV rəhbərliyinin üzaqgörənliyidir.
İTV-nin “Media və zaman” kimi vacib proqramın aparıcılığına tanınmış jurnalist Xalid Niyazovu dəvət etməsi də çox döğru seçimdir. Xalid Niyazovun medianın aktual məsələlərini və problemlərini konseptual şəkildə təqdim etməsi, diqqəti mətbuatla dövlət arasındakı münasibətlərə yönəltməsi təqdirəlayiqdir.
Heç kimə sirr deyil ki, AzTV və “Mədəniyyət” telekanallarının yayımladığı “Müğam televiziya müsabiqəsi”, “Səs Azərbaycan”, “Nə? Harada? Nə zaman?”, “Breyn-rinq” kimi layihələr tamaşaçıların böyük marağına səbəb olub, rəğbətini qazanib. Amma bəzi bədxahlar AzTV-nin peşəkarlığına aid obyektiv söz və bu sözü söyləməyə özlərində cəsarət tapmadıqlarından, “AzTV nə edir ki, yalnız göstərir, layihə başqalarınındır” kimi diletant, əslində məkrli fikirləri ilə ölkənin əsas telekanalının işinə kölgə salmaq istəyirlər.
Düşünürəm ki, hörmətli birinci vitse-prezidentimiz, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın 2007-ci ildən başlayaraq muğam müsabiqəsinin keçirilməsini AzTV-yə həvalə etməsi belə xudbin insanlara yaxşı cavabdır. Düşüncəli insanlar üçün bu, həm də birinci xanımın öz etimadının ünvanını göstərməsi deməkdir.
Təsadüfi deyil ki, son illərdə Rusiya şou-biznesində fəal prodüserliyi ilə tanınmış, eləcə də qonşu ölkənin estradasında istər bəstəkar, istərsə də müğənni kimi populyarlıq qazanmış Emin Ağalarov “ЖАРА” festivalının Azərbaycanda məhz AzTV vasitəsilə yayımlanmasına üstünlük verir. O, bunu AzTV-nin əsas milli telekanal olması ilə izah edir.
“Mədəniyyət” kanalının isə ölkədə baş verən bütün festivalları, müsabiqələri işıqlandırmasının əhəmiyyətini təkcə musiqisevərlər deyil, hər bir tamaşaçı, yəqin ki, yaxşı anlayır. Bu məqsədyönlü proqram siyasəti istər-istəməz yüksək musiqi zövqünün formalaşdırılmasına xidmət edir. Çünki Üzeyir Hacıbəyovu, Müslüm Maqomayevi, Qara Qarayevi, Fikrət Əmirovu, Cahangir Cahangirovu, Baxı, Bethoveni, Motsartı, Raxmaninovu dinləyən gənc heç bir vaxt bayağı musiqiyə qulaq asmaz.
Son dövrdə “Mədəniyyət” kanalının Beynəlxalq Muğam Mərkəzi, Respublika Sarayı kimi mədəniyyət ocaqları ilə birgə layihələr həyata keçirməsi, Tofiq Quliyevə, Əlağa Vahidə, Emin Sabitogluna, Ramiz Mirişliyə və digər görkəmli şəxslərə həsr edilmiş konsertlərin səhnədə mini-tamaşalarla müşayiət olunması böyük maraq doğurur. “Mədəniyyət” kanalının romans müsabiqəsi keçirməsi, qalibləri mükafatlandırması istedadlı gənclərin meydana çıxması üçün yaradılmış yaxşı fürsətdir.
Bir sözlə, şəxsiyyətinə böyük hörmət bəslədiyim Arif Alışanovun rəhbərlik etdiyi Azərbaycan Televiziyası və Radiosunda ənənələrin qorunması və gələcəyə doğru inamlı addımların atılması sevindirici və qürurvericidir. Hamımız Azərbaycan Televiziyasının daha da inkişaf etməsini, bizim üçün hər gün 24 saat ərzində fasiləsiz çalışan həmkarlarımızın daha böyük uğurlar qazanmasını ürəkdən arzu edirik!
Qoy, ekranımız heç bir zaman sönməsin, səsimiz, sözümüz isə dünyanın hər tərəfinə çatsın!
www.yenicag.az