"Temu"da satışa çıxarılan bayraq və manat formalı dəsmal: "Bu, Azərbaycana qarşı hörmətsizlik kimi..."
Son günlərdə “Temu” satış platformasında üstündə Azərbaycanın bayrağı və Azərbaycanın milli pul vahidinin rəsmləri ilə toxunulmuş dəsmallar satışa çıxarılıb. Bu satış kim tərəfindən həyata keçirilir, proqram idarəçiləri yoxsa fərdlər?
Bu suallara cavab tapmaq üçün texnobloqer Fərid Pərdəşünasa müraciət etdik.
Texnobloqer Yenicag.az-a açıqlamasında qeyd edib ki, bu, platformanın deyil, müxtəlif satıcıların işidir və qarşısını almaq mümkün deyil:
“Bu tip məhsullar müxtəlif satıcılar tərəfindən “marketplace” platformalarda yerləşdirilir. Axtarışa versəniz, “Amazon.com” platformasında da tapa bilərsiniz. Konkret olaraq ölkələri hədəfə almırlar, hər ölkə üçün belə şeylər hazırlayıb satışa çıxarırlar. Elə ölkələr var ki, bunu hörmətsizlik kimi qəbul etmir, öz bayraqlarını üst-alt paltarlarında hazırlatdırırlar və ya belə dəsmal, müxtəlif geyimləri satışa buraxırlar. Ona görə də konkret olaraq bu “Temu”nun Azərbaycana qarşı hörmətsizliyi kimi dəyərləndirilə bilməz. Sadəcə orada olan satıcı fürsətdən istifadə edib belə bir şey satışa buraxıb. Bunun qanunla qarşısını almaq da mümkün deyil”.
F. Pərdəşünas bu cür məhsulları almamaqla satışın dayandırılmasının mümkün olduğunu bildirib:
“Ən yaxşısı belə məhsulları sifariş etməmək və öz bayrağına hörmət etməkdir. Belə olan halda, onların satışları da olmayacaq, onlar da bu məhsulları məcbur stokdan çıxardacaqlar və ya istehsal etməyəcəklər. Yəni bu, konkret platformaların yox, müxtəlif satıcıların atdığı addımlardır. Qeyd etdiyim kimi, təkcə Azərbaycan bayrağı deyil, əksər ölkələrin bayraqlarından istifadə edirlər”.
Nurlan Cəfəri