“Tənbəl qadın hər yerdə tənbəldir…” – Tamilla Qulami

media-hightechnic-468x90

tamilla

Bələdiyyə seçkilərinə çox az qaldı. Parlament seçkilərindən fərqli olaraq, nisbətən səssiz keçən bu seçimlərdə iştirak edən tanınmışlardan biri Azərbaycan Ümid Partiyasının “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri, “125-lər Siyasi Klubu”nun sədr müavini Tamilla Qulamidir. Tanınmış teleaparıcı siyasətdə ilk addımlarından biri kimi bələdiyyə seçkilərində iştirakı seçib. 2015-ci il parlament seçkiləri öncəsi bələdiyyə seçkilərini özü üçün ciddi bir seçki təcrübəsi hesab edən Tamilla Qulami Yenicag.az-ın suallarını cavablandırdı.

 – Seçkilərə niyə qatıldınız?

– Ümid Partiyasından 9 saylı Binəqədi İkinci Seçki Dairəsi üzrə namizədliyimi irəli sürdüm. Bələdiyyə seçkilərinə qatılmaqda əsas məqsədim bələdiyyənin mənə verdiyi səlahiyyət əsasında yerli özünüidarəetməni tənzimləmək, namizədi olduğum ərazinin sakinlərinin problemləri ilə maraqlanıb həllinə çalışmaq, təhsil, səhiyyə, rabitə müəssisələrinin, park və yolların təmir bərpasını vaxtlı-vaxtında təmin etməyə nail olmaqdır.

10841110_859941540736619_1749718580_n– Bələdiyyəyə seçilsəniz, hansı proyektləri reallaşdırmaq istəyirsiniz?

 – Yuxarıda əsas məqsədlərimi yazdım, proyektlərə gəlincə, bilirsiniz ki, adi vətəndaşlar onları torpaq satan orqanlar kimi tanıyır, onların siyahısında kommunal və yolların salınması xərcləri ən son sıralardadır. Demək olar ki, bu il də vəziyyətlə bağlı heç bir dəyişiklik yoxdur. Ümumi götürəndə bələdiyyə gəlisiz sahə də deyil. Əhalidən torpaq icarəyə verir, satır, əmlak vergisi toplayır. Rəsmi hesablamalara əsasən ötən il bələdiyyələrin gəlirlərinin 55.5 faizi torpaq satışından, 20.3 faizi icarəyə verilməsindən ibarət olub. Bu il bələdiyyələrin sayı 1718-dən 1607-yə endirildi. Bələdiyyələin ümumi illik gəliri 35 milyon manatdan çoxdur, bu isə o deməkdir ki, hər bələdiyyəyə düşən vəsait 20 min manatdan artıqdır. Üstəlik, dövlət büdcəsindən bələdiyyələrə 5.2 milyon manat dotasiya ayrılır. Bütün bunları nəzərə alarsaq, düşünə bilərik ki, belə çıxır bələdiyyə ancaq vəsaiti öz işçilərinə ayırır, ya da düzgün istifadə olunmur. Vəsaitlərin düzgün xərclənmədiyini Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş üzrə Mərkəzi belə təsdiqləyir. Ağlımda bir-iki proyekt var, onları həyata keçirə bilsəm, çox əla olacaq. Qısaca deyə bilərəm ki, əlillər, qocalar və uşaq evləriylə bağlıdır.

10841607_859942097403230_843462313_n– Dünyada bələdiyyələrin önəmi böyükdür, bəs Azərbaycanda niyə bələdiyyələr icra hakimiyyətlərinin 5-ci təkəri funksiyasını oynayır. Bunu necə dəyişmək olar?

– Problem budur ki, hərə öz işini icra etsə, bu vəziyyət alınmaz. Bizim ölkədə isə aləm dəyim bir-birinə. Kimin haqqı nədir, hüquq harda, ədalət hardadır, bəlli deyil. Ciddi islahatlara ehtiyac var. Bələdiyyələrin qanunlarına səlahiyyət üzərinə əlavələr edilməli, bələdiyyə adına üzərinə düşən hər bir işi görməsi üçün dövlət tərəfindən nəzarət olmalıdır. İnsan öncə statusuyla öz yaşadığı ərazinin problemlərini həll etməyi bacarmalıdır. Bunu da etmirsə, o zaman parlament seçkilərində özünü sınamağa gərək yoxdu. Bunları etməyib seçiləcəyini düşünənlər və inananlar məclisdə boşuna mürgü duymaqdan başqa heç bir iş etməyəcək. Dediyim kimi hər kəs öz üzərinə düşən işi görsə, seçicilərinin problemlərinin həlli yolunda işlər görməyi qarşısına məqsəd qoysa, inanın ki, bütün bu problemlər çıxmaz. Hamı da rahat həyatını yaşayar. Deyən gərək ki, sadəcə bələdiyyə sədri, millət vəkili statusunu almaq adına şöhrətpərəstliyin nə mənası var? Hər şey bir gün insanın əlindən çıxır. Bunu untmayaq gərək. Vicdan da yaxşı şeydi axı…

– Bələdiyyəyə üzvlük sizin ictimai-siyasi fəaliyyətinizə mane olmayacaq ki?

– Qətiyyən, düşünmürəm. İşləri sahmana salmağı bacarıram. Əksinə mənim daha da fəal olmam üçün stimul verəcək!

10859549_859942124069894_80486775_n– Fəal ictimai-siyasi həyat, seçkilər, xarici səfərlər və iki uşaqlı ailə. Tamilla Qulami bunlara necə vaxt ayırır?

 – Kənardan baxan hər kəs düşünür ki, əgər bir qadın iş qadınıdırsa, yəqin ki, evdə heç bir işini çatdırmır. Amma bunun yanlış yanaşma olduğunu əminliklə deyirəm. İşlər üzərində bölgülər düzgün aparılsa, hər işi çatdırmaq olar. Tənbəl qadın hər yerdə tənbəldir. İstər işləsin, istərsə evdar xanım olsun. Mən həddindən artıq evdaram. Tərifdən uzaq evdə olanda bir saniyə oturmuram. Oğlum dünyaya gələndən sonra böyük ekranlı telefon aldım ki, rahat işləyə bilim. Çünki evdə körpə uşaq olanda kompüter arxasında rahat oturub iş görmək olmur. Ötən günlərin birində Yeni Müsavatda bir yazım çıxmışdı. Ordan qısa bir abzası missal gətirəcəm.

“Olur ki, iş görərkən əldəki balaca barmağa kimi məşğul edirsən. Sanki onu da qənimət bilirmiş kimi. Bir ayaqla uşağın çarpayısını yelləyirsən, bir əlinlə yeməyi qarışdırırsan, bir əlinlə də kitabın vərəqlərini çevirir, bir barmağınla telefonda qurdalanırsan ki, yuxuya getməyəsən… Sənin yuxuya getməməyin balacanı yuxuya vermək üçün gərəkdi, vacibdi… Sənin yuxuya getməməyin işlərini yoluna qoya bilməkdi… Və sənin yuxuya getməməyin sənin bir balaca barmağından belə asılıdır… O balaca barmaqda nə böyük qüdrətlər olur, onun fərqinə belə varmırsan, bilmirsən belə…” Bütün işlərimi çatdıra bilməyin də cavabı burdadır.

Ümumi götürərsək, mənə evdə ən yaxın dəstəkçim anamdır. Onsuz həyatda sahib olduğum heç nəyə bəlkə də nail ola bilməzdim. Qızım liseydə oxuyur, dərs vaxtı 08:30-dan 18:00-a kimidir, oğlum 1yaş 9 aylıqdır. Heyf ki, güvənə bilmədiyimdən dayə üçün müraciət edə bilmirəm. Heç anam da rəva bilmir. Çox narahat adamam. Anamdan başqa kimsəyə əmanət edə bilmərəm onları.

Çatdırmağımın əsas səbəblərindən də biri budur ki, çox az yatıram. 24 saat ərzində cəmi 3-4 saat yatmaq bəs edir. İşdən sonra uşaqlarla məşğul olmaq, bəzi görüləsi ev işləri və s. Sabah işimə rahat gedə bilmək üçün gecə ev işlərini bitirirəm. Həyat yoldaşım da mənim kimi çox işləyəndi. Amma ictimai sektordan uzaq biridi. İdman növüylə məşğuldur, məşqçilik edir, İdman Federasiyasında klub prezidentidir, ölkəmizdəki iş adamlarından birinin şəxsi cangüdənidir. Bəzən mənə deyirlər ki, sənin bu siyasi fəaliyyətinə, ictimai aktivliyinə maneçilik törətmir ki. Cavabım o zaman yarızarafat, yarıciddi bu olur. O məni tanıyanda mən elə “Vətən, Millət, Sakarya” deyib bağırırdım”.

 

Sevər ŞAKİRQIZI

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600