Təqaüdçülərə güzəşt məsələsində fikir ayrılığı…
Oqtay Haqverdiyev: “Bazar iqtisadiyyatı şəraitində güzəştlər olmamalıdır”
Vahid Əhmədov: “Təqaüdçülər üçün müəyyən güzəştlərə getmək olar”
Bir sıra ölkələrdə təqaüdçülər üçün bəzi güzəştlər edilir. Məsələn, Ekvadorda təqaüdçülər üçün teatr, idman yarışları bileti, ictimai nəqliyyatdan istifadə xərcləri 50 faizə qədər ucuzdur. Bu göstəricisinə görə, Ekvador təqaüdçülərə daha yaxşı xidmət göstərən ölkələr sırasında liderdir. Görəsən, Azərbaycanda da təqaüdçülərə bu kimi güzəştlər edilə bilərmi?
İqtisadçı ekspert Oqtay Haqverdiyev Yenicag.az-a açıqlamasında təqaüdçülərə müəyyən güzəştlər edilməsinin əleyhinə olduğunu söylədi. O bunu həmin addımın bazar iqtisadiyyatı qanunlarına zidd olması ilə əsaslandırdı: “Bazar iqtisadiyyatı şəraitində belə hallara heç də yaxşı baxılmır. Azərbaycanda keçən əsrin 90-cı illərinə qədər təqaüdçülərə də müəyyən güzəştlər edilirdi. Bir çox kommunal xidmətlər üzrə təqaüdçülərə güzəştlər edilirdi. Sonra Beynəlxalq Valyuta Fondu, Dünya Bankı hökumətlə işləməyə başlayanda şərt qoydular ki, bu kimi güzəştlər ləğv olunsun. Yəni bazar iqtisadiyyatı şəraitində belə hallar olmamalıdır. Amma eyni zamanda təqaüdçülərə normal təqaüd verilməlidir. Almaniyada təqaüdçü orta əmək haqqının 80 faizini alır. Ona görə də ona güzəştlər nəzərdə tutulmur. Bu kimi yolla getmək lazımdır və güzəştlər olmamalıdır. Lakin təqaüdlər artmalıdır”.
İqtisadçı millət vəkili Vahid Əhmədov isə bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da təqaüdçülər üçün müəyyən güzəştlərin olmasını məqbul saydı: “Təqaüdçülərə istənilən güzəştlər edilməsi məsələsində problem yoxdur. Bu ölkənin iqtisadi, ictimai-siyasi vəziyyətindən asılıdır. Azərbaycanın da buna imkanları var. Təqaüdlər o qədər də yüksək deyil, bu fonda da onlar üçün müəyyən güzəştlərə getmək olar”.
Rüfət